"İlin qalibləri-2020" layihəsində fərqlənənlər mükafatlandırıldı
- 29 Dek 2020 17:20
- 1267
İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2020" layihəsi üzrə fərqlənənlər mükafatlandırılıb.
"Rekord.az" xəbər verir ki, 8 nominasiya üzrə qaliblərin adı bu gün "Çinar Plaza"da təşkil olunan tədbirdə açıqlanıb.
Mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.
Tədbiri giriş sözü ilə açan İAM-in sədri və "Report" İnformasiya Agentliyinin İdman şöbəsinin redaktoru Elşən Məmmədov builki mükafatlandırmanın fərqli keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, koronavirus pandemiyası səbəbindən idman yarışları təxirə salındığından idmançı seçmək çətinlik yarada bilərdi: "Amma Vətən müharibəsi başladıqdan sonra hamı Orduya səfərbər oldu. Kimisi ön, kimisi arxa cəbhədə fəallıq göstərdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Böyük qələbə qazandıq. Ordumuza təşəkkür edirik. İndiki halda hesab etdik ki, idman ictimaiyyətindən Orduda fəal iştirak edənlər, ona maddi-mənəvi dəstək verənlər arasından seçim edək. Müharibə iştirakçıları arasında hətta klub rəhbəri, federasiya rəsmisi oldu. Namizədləri müəyyənləşdirərkən məhz bu amilləri nəzərə aldıq".
Tədbirin sponsorlarına təşəkkür edən E.Məmmədov Azərbaycanın yeganə qanuni mərc saytı olan "eTopaz" rəsmisi Vüsal Əliyevi səhnəyə dəvət edərək ona xüsusi hazırlanmış plaket təqdim edib.
Sponsorlar təltif olunduqdan sonra qaliblərin adları açıqlanıb.
1. İLİN DÖYÜŞKƏN İDMAN XADİMİ: Fariz Nəcəfov ("Qəbələ" klubunun prezidenti) - Vətən müharibəsində iştirak etdiyi üçün
2. İLİN DÖYÜŞKƏN İDMANÇISI: Şəhid Cəbrayıl Dövlətzadə (cüdoçu) - Vətən müharibəsində iştirak etdiyi üçün
3. İLİN DÖYÜŞKƏN FUTBOLÇUSU: Şəhid İlqar Bürcəliyev ("Zirə" klubunun və Azərbaycanın U-18 yığmasının sabiq futbolçusu) - Vətən müharibəsində iştirak etdiyi üçün
4. İLİN DÖYÜŞKƏN LEGİONERİ: Mesut Özil (İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi) - Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verdiyi üçün
5. İLİN DÖYÜŞKƏN MƏŞQÇİSİ: Bəxtiyar Abbasov ("Qəbələ" İdman Klubunun məşqçisi) - Vətən müharibəsində iştirak etdiyi üçün
6. İLİN DÖYÜŞKƏN KOMANDASI: "Qarabağ" futbol komandası - Orduya maddi və təbliğati dəstək olduğu üçün
7. İLİN DÖYÜŞKƏN İDMAN QURUMU: Azərbaycan Cüdo Federasiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün
8. İLİN DÖYÜŞKƏN JURNALİSTİ: Qazi Daşqın Əziz (Offsideplus.az) - Vətən müharibəsində iştirak etdiyi üçün
Bundan sonra ilin döyüşkən futbolçusu seçilən "Zirə" klubunun və Azərbaycanın U-18 yığmasının sabiq üzvü, şəhid İlqar Bürcəliyevin atası Vüqar Bürcəliyev və qardaşı Tamerlan Bürcəliyev, eyni zamanda komandanın baş məşqçisi Rəşad Sadıqov kürsüyə gəlib. Şəhid futbolçu üçün hazırlanmış mükafatı onun atasına R.Sadıqov təqdim edib. Hamını salamlayan V.Bürcəliyev oğlunun bu mükafata layiq görülməsindən qürur hiss keçirdiyini söyləyib. O, bütün şəhidlərə Allahdan rəhmət diləyib. Həmçinin belə bir tədbirə görə təşkilatçı quruma təşəkkür edib.
T.Bürcəliyev isə öz növbəsində qardaşının bu mükafata layiq olduğunu bildirib: "Ümumiyyətlə, hər bir şəhidimiz və qazimiz buna layiqdir. Allah hamısına rəhmət eləsin. İnanıram ki, məkanları cənnətdir".
Daha sonra Rəşad Sadıqov təəssüratlarını bölüşüb. İlk növbədə "Report" İnformasiya Agentliyi və Elşən Məmmədova təşəkkür edən mütəxəssis tədbirə dəvət alanda çox fərəhləndiyini vurğulayıb: "2006-cı ildə özüm də ilin futbolçusu seçilmişəm. Amma həmin vaxt bu qədər sevinməmişdim. Dəvət gələndə böyük sevinclə qarşıladım və ürəklə iştirak edirəm. Şəhidin atasına, qardaşına təşəkkür edirəm. Qazilərimiz, xüsusilə də şəhidlərimiz haqqında fikir bildirməkdə çətinlik çəkirik. Əminəm ki, heç kim söz tapa bilmir. Yalnız gücümüz dua etməyə çatır. Allah onların əziyyətinin qarşılığını versin. İnşallah, hamısı cənnətdədirlər. Onlar bu dünyadan fərqli köçdülər. Hamımız dünyamızı dəyişəcəyik. Biz unudulacağıq, onlar isə əbədi yaşayacaqlar. Günümüz onların xatirələri ilə keçir. Sevincdən çox, kədər yaşayırıq, amma qürur duyuruq. Onlar da bunu istəyirlər. Çünki torpaqları şəhidlərin qanı hesabına qaytardıq. Fürsət düşmüşkən şəhid valideyninə canlı şəkildə təşəkkür edirəm. Futbolçunun arzusu var idi, amma indi daha böyük bir arzuya çatdı. İnanıram ki, qardaşı Tamerlan onun istəyini həyata keçirəcək".
Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni mərc saytı "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.