“İlk növbədə üzərimizə düşəni etməliyik”
- 30 Yan 2020 23:57
- 877
Futzal üzrə Azərbaycan milli komandasının üzvü İsa Atayev DÇ-nin elit-raund mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı keçirdikləri oyundan (4:3) sonra federasiyanın rəsmi saytına müsahibə verib.
Rekord.az həmin müsahibəni təqdim edir:
– Vacib qələbəni necə şərh edərdin?
– Çox çətin oyun oldu. Açığı, bu dərəcədə ağır oyun olacağını gözləmirdik. Bu gün idman xoşbəxtliyi tərəfimizdə oldu. Oyun ərzində rəqibin də şansları var idi. Bu dəfə elə alındı ki, biz şanslarımızdan istifadə etdik. Futzalda udmaq kimi, uduzmaq da var. Xorvatiya ilə görüşdə uduzduqdan sonra uşaqlar ruhdan düşmüşdülər. Heç kimin üzünə baxmaq olmurdu.
– Demək olarmı, Xorvatiyaya məğlubiyyət bu qələbənin təməlini qoydu?
– Bu cür də əlaqələndirmək olar. Bəlkə də dünən qələbə qazansaydıq, bu gün bunu bacarmayacaqdıq. Yenə deyirəm, hər oyunun öz xarakteristikası, gedişi olur. İran kimi güclü komanda ilə heç-heçə edib, Türkiyə kimi elit kateqoriyaya aid olmayan milliyə uduza bilərsən.
– Zərbələrin öldürücü olur. Dünənki zərbən dirəyə tuş gəldi. Bu gün zərbədən əvvəl toru silkələyəcəyini düşünürdünmü?
– Hiss edirdim ki, zərbəm hədəfə düşəcək. Xorvatlarla matçda 10-12 metrdən zərbə endirmişdim. Bu dəfə məsafə daha az idi – təxminən 6-7 metr. Demək olar, oyunun taleyini dəyişən qol oldu.
– İndiyə qədər Rusiya millisini məğlub edə bilməmişdik. Oyundan əvvəl statistika səni qorxudurdumu?
– Oyundan əvvəl federasiyanın prezidenti Zaur Axundov da bunu bizə xatırlatdi. 2012-ci ildə keçirilən DÇ-nin pley-off oyununda 2:2 hesablı heç-heçə etmişdik. Qalan qarşılaşmaların hamısında uduzmuşduq. Statistika tarixdi, amma futzal yerində saymır. Hər keçən gün komandalar dəyişir. Xorvatiya yığmasından bu cür oyun gözləmirdik. Yaxşı mənada bizi təəccübləndirdilər.
– Qrupda son sınaq Slovakiyaya qarşı olacaq. Bu duel haqda nə düşünürsən?
– Ancaq qələbə qazanmalıyıq. Çünki qrupdakı vəziyyət fevralın 1-də oyunlardan sonra müəyyənləşəcək. Biz də ilk növbədə üzərimizə düşəni etməliyik, sonra Xorvatiya – Rusiya matçını gözləməliyik.