“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, səfərdə 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm, Konfrans Liqasındakı növbəti oyununda uğurlar arzulayıram. Matçla bağlı düşüncələrimiz var idi. Bəzi fikirlərimiz alındı, bəziləri yox. “Qarabağ”ın ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi. İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi. Ancaq yaxaladığımız qol epizodları var idi. Bu gün daha güclü komanda qalib gəldi. Bizim üçün ağır oyun idi. Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi. İnanıram ki, oyunumuzu daha da yaxşılaşdırıb xallar qazanacağıq. Fasilə yaranır, çempionata daha yaxşı hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq".