İlqar Rəhimov Syerra-Leone rəsmiləri ilə görüşdü
- 20 May 2022 16:20
- 497
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leone Respublikasında səfərdədir.
Rekord.az xəbər verir ki, səfər çərçivəsində bu gün Syerra-Leone Respublikasının xarici işlər naziri Devid Fransis, idman naziri İbrahim Nyelenkeh və sosial müdafiə nazirinin müavini Məhəmməd Kabia, Milli Olimpiya Komitəsinin prezidenti Patrik Coker ilə görüşlər keçirilib. Eyni zamanda Syerra-Leone Milli Paralimpiya Komitəsində qurumun rəhbər heyəti, gimnastika və üzgüçülük federasiyasının nümayəndələrinin iştirakı ilə də görüş baş tutub.
İlqar Rəhimov görüş zamanı Azərbaycanda həyata keçirilən idman və sosial siyasət, ölkədə paralimpiya və abilimpiya hərəkatının inkişafı, əldə edilmiş nailiyyətlər, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, Milli Paralimpiya Komitəsi, Milli Abilimpiya Federasiyası və IBSA-nın fəaliyyəti barədə ətraflı məlumat verib. İlqar Rəhimov Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan paralimpiya komandasının nəticələri barədə məlumat verərək bildirib ki, 34 idmançı ilə iştirak edən komandamız 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq dünya sıralamasında Oyunları 10-cu yerdə başa vurub.
Paralimpiya hərəkatının inkişafı üçün dövlət tərəfindən göstərilən dəstəyin olduqca vacib olduğunu qeyd edən İlqar Rəhimov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, ölkə başçısı Prezident İlham Əliyevin Azərbaycanda beynəlxalq yarışların və tədbirlərin keçirilməsini daima dəstəklədiyini bildirib, əlilliyi olan şəxslərin iştirak etdiyi Bakı 2015 I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, paracüdo idman növü üzrə qran-prilər, eləcə də cari ilin noyabr ayında Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatını misal gətirib. Dünya çempionatından söz açan İlqar Rəhimov hökumət nümayəndələrini tədbiri izləməyə dəvət edib.
İlqar Rəhimov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin paralimpiya və abilimpiya hərəkatının inkişafına göstərdiyi dəstək barədə məlumat verib. Rəhimov dövlət qurumları ilə daima sıx əlaqədə olduğunu, ölkədə paralimpiya və abilimpiya hərəkatının inkişafı üçün mütəmadi olaraq müxtəlif tədbir və layihələrin həyata keçirildiyini bildirib.
İlqar Rəhimov qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslər idman, peşə, təhsil, incəsənət və digər sahələrə cəlb edilir, onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyası uğurla həyata keçirilir.
Rəhimov bildirib ki, idmanla yanaşı əlilliyi olan şəxslər ölkəmizdə peşə sahələrinə də böyük maraq göstərir və onların peşəkar mütəxəssis olaraq yetişməsi, gələcəkdə işlə təmin edilməsi, eyni zamanda beynəlxalq peşə çempionatlarında iştirak etməsi məqsədilə Azərbaycan Milli Abilimpiya Federasiyası yaradılıb. Federasiyanın fəaliyyəti barədə ətraflı məlumat verən İlqar Rəhimov Syerra-Leonedə də Abilimpiya Federasiyasının yaradılmasını təkif edib, onun gələcək inkişafı üçün Azərbaycan Milli Abilimpiya Federasiyasının da təşkilati dəstək verəcəyini bildirib.
İlqar Rəhimov eyni zamanda IBSA-nın fəaliyyəti, təşkilatda mövcud olan idman növləri barədə geniş məlumat verərək, bildirib ki, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi məqsədilə qurum tərəfindən tədbirlər görülür və müxtəlif ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilir. O, görmə məhdudiyyətli şəxslər arasında idmanın təbliğ edilməsinin çox vacib olduğunu qeyd edib, ölkədə bu istiqamətdə işlərin uğurla aparılması üçün Syerra-Leonenin IBSA-ya üzvlüyünün yenidən bərpa edilməsini məqsədəuyğun hesab edib.
Daha sonra Rəhimov Syerra-Leonedə fiziki və görmə məhdudiyyətli şəxslər üçün müyəssər mühitin yaradılması, işlə təminatı və digər sosial problemlərinin həll olunması, bu istiqamətdə yeni layihələrin hazırlanması və həyata keçirilməsi məqsədilə yerli qurumların birgə fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıb. Eyni zamanda İ.Rəhimov bu istiqamətdə Azərbaycanda mövcud olan təcrübədən də faydalanmaq məqsədilə öz təkliflərini edib.
Əlilliyi olan şəxslərə cəmiyyətin və müxtəlif qurumların diqqətini yönəltmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edən İlqar Rəhimov Azərbaycanda keçirilmiş tədbirlər barədə məlumat verib. O, 2019-cu ildə Milli Paralimpiya Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” beynəlxalq qala-təqdimatını və cari ilin 24-25 iyun tarixlərində “Bir dünya, bir ailə” şüarı altında keçiriləcək “True Colors Festival”ı misal gətirib.
Syerra-Leone Respublikasının hökumət nümayəndələri Azərbaycanda idmanın, xüsusilə paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirib, hər iki ölkə arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək Azərbaycan və Syerra-Leone arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildiriblər.