İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti ilə görüşdü
- 21 May 2022 15:41
- 481
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leone Respublikasının vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb.
Rekord.az xəbər verir ki, görüş zamanı İlqar Rəhimov Azərbaycanda həyata keçirilən idman və sosial siyasət, paralimpiya və abilimpiya hərəkatının inkişafı barədə ətraflı məlumat verib.
O, Azərbaycanın idman və sosial siyasəti modelini öynərib Syerra-Leone Respublikasında da tətbiq etməyi tövsiyyə edib. İlqar Rəhimov paralimpiya hərəkatının inkişafı üçün dövlət tərəfindən göstərilən dəstəyin olduqca vacib olduğunu qeyd edib, ölkədə paralimpiya idmanının təbliği üçün müxtəlif tədbirlərin keçirilməsini təklif edib.
Syerra-Leone Respublikasının vitse-prezidenti Məhəmməd Culdeh Calloh Azərbaycanda idman, sosial və digər sahələrdə əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib, iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürünü çatdırmağı xahiş edib. Məhəmməd Culdeh Calloh idman sahəsi ilə başlanan əməkdaşlığın digər sahələrə də keçəcəyindən, Azərbaycan və Syerra-Leone arasında olan əlaqələrin daha möhkəmlənəcəyindən əmin olğunu vurğulayıb.
Eyni zamanda Məhəmməd Culdeh Calloh İlqar Rəhimova Syerra-Leoneyə səfər etdiyi, paralimpiya hərəkatının inkişafı üçün göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Məhəmməd Culdeh Calloh Syerra-Leone ictimaiyyətinin Azərbaycana, onun ənənələri və mədəniyyətinə marağın artığını qeyd edib, Syerra-Leonedə paralimpiya hərəkatının inkişaf etməsi üçün öz dəstəyini əsirgəməyəcəyini vurğulayıb.