“İmarət” – 70: Tut ağacı, işğal və QAYIDIŞ!
- 09 Avq 2021 18:00
- 1421
Ağdamdakı “İmarət” Azərbaycanın ən məşhur stadionlarından biri sayılır. Haqqında o qədər danışılıb ki, görməyənlərin təsəvvüründə əzəmətli, qeyri-adi, iri tutumlu bir stadion canlanır. Mən özüm də “İmarət”də olmamışam. Amma olanlardan o haqda çox soruşmuşam, məlumatlar toplamışam. Elə o məlumatlar əsasında da bu yazını yazıram.
Mərzili, Qiyaslı, Xıdırlı
Öncə ondan başlayım ki, mətbuatda Ağdam futbolunun tarixi ilə bağlı məlumatlar birmənalı deyil. Yəni rəqəmlər, məlumatlar fərqli-fərqlidir. Əksəriyyət Ağdamda futbolun yaranma tarixini ötən əsrin 50-ci illərindən götürür. Düzdür, sözügedən rayonda futbolun geniş vüsət alması məhz 50-ci illərdən başlayıb. Amma bu, o demək deyil ki, daha öncə Ağdamda futbol olmayıb. Məsələn, bu rayonda futbol haqda anlayış hələ ötən əsrin əvvəllərindən mövcud idi. Belə ki, 1913-cü ildə Şuşada Qarabağ zonası üzrə ilk futbol oyunu keçirilib. Məlum məsələdir ki, Azərbaycanda futbolun yaranma tarixi 1911-ci il, Bakıya təsadüf edir. Həmin vaxt ölkə xaricindən gələn və Bakıdakı neft buruqlarında çalışan əcnəbilər burada ilk futbol komandalarını yaratmışdılar. İlk futbol oyunları isə Suraxanı və Balaxanıda oynanılmışdı. 1913-cü il Şuşada keçirilən oyuna gəlincə, Şuşa elə o vaxtdan öz füsünkar gözəlliyi, təbiəti ilə əcnəbilərin diqqətini cəlb edib. Ona görə də bu şəhərə Qafqazın bütün bölgələrindən istirahətə gəlirdilər. İlk futbol matçında isə Şuşanın yerli əhalisindən təşkil olunan komanda ilə Bakıdan gələnlər üz-üzə gəlib. Təbii ki, Bakıdan gələnlər daha güclü olduğu üçün 8 topluq fərqlə qalib gəlmişdilər. Bu oyunun əks-sədası isə qısa müddətdə bütün Qarabağ zonasına yayıldı. Təbii ki, Ağdam da Şuşaya yaxın olduğundan həmin bu əks-sədadan kənar qala bilməzdi. Məhz bu oyundan sonra Ağdamda da futbol haqda ilk təəssüratlar formalaşmağa başladı. Ağdamda ilk futbol oyunları da 1914-cü ildən etibarən keçirilməyə başlayıb. İlk oyunlar isə rayonun iri yaşayış məntəqələri olan Mərzili, Qiyaslı və Xıdırlıda baş tutub.
Həmin vaxt sözügedən kəndlərdə yaşayan yerli əhali, buraya istirahətə gələn qonaqlarla futbol matçı keçirib. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bütün ölkə boyu idmanda, o cümlədən futbolda da kütləvilik artmağa başladı. Bu mənada Qarabağ bölgəsi də kənarda qalmadı və futbol bu zonada da tədricən populyarlaşmağa başladı. Düzdür, SSRİ rəhbərliyi siyasi baxımdan çirkin oyunlara da əl atırdı və idmanı, futbolu da bu çirkaba bulaşdırmağa cəhd göstərdi. Məsələn, 1923-cü ildə bolşeviklərin ciddi təzyiqi ilə sonradan Azərbaycan xalqının bəlasına çevirilən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Daha sonra tarixi Azərbaycan şəhəri olan Xankəndinin adını dəyişdirib Stepanakert qoydular və onu DQMV-nin mərkəzinə çevirdilər. Ardınca isə bölgədəki azərbaycanlıların zorla sıxışdırılması və ermənilərin həmin ərazidəki sayının süni şəkildə artlırılması prosesinə başlanıldı. Eyni iyrənc siyasət futbolda da aparıldı. Belə ki, DQMV-də təşkil olunan komanda 1928-ci ildə SSRİ çempionatına cəlb edildi. Ümumiyyətlə, həmin illərdə Xankəndidə fəaliyyət göstərən DQMV komandası indiki dildə desək, daha çox piar olunurdu və ətraf rayonları da sanki bu komanda ətrafında birləşməyə, onun kölgəsində qalmağa təhkim edirdilər. Lakin bu məcburiyyət, diqtə uzun sürmədi və getdikcə, bütün ətraf rayonlar, şəhərlər öz komandalarını yaratmağa, öz futbol fəlsəfələrini ortaya qoymağa başladılar. Bu mənada Ağdamda futbolun inkişaf mərhələsi 50-ci illərdən start götürdü.
“İmarət” hansı zərurətdən tikildi?
Təbii ki, futbolun get-gedə populyarlaşması, kütləviləşməsi daha böyük meydanşaların, stadionların inşaasını labüd edir. Bu mənada 50-ci illərin əvvəllərində Ağdamda da yeni stadionun inşaasına zərurət yarandı. Məkan kimi xan qızı Xurşudbanu Natəvanın şəxsi mülkiyyəti olan ərazi seçildi və sürətlə aparılan tikinti işləri 1951-ci ildə başa çatdırıldı. Elə məhz seçildiyi məkana uyğun olaraq da “İmarət” adlandırılmasına qərar verildi. Stadionun istifadəyə verilməsi ilə Ağdamda futbol həyatı daha da canlandı. Stadionun tamaşaçı tutumu təxminən 9-10 min nəfər arasında idi. Lakin bəzi oyunlar zamanı tribunalara toplaşanların sayı 10 mindən də artıq olurdu. “İmarət”də ilk rəsmi oyunlar da elə 1951-ci ilə təsadüf etdi. Belə ki, Azərbaycan SSR-nin kubok və çempionat yarışlarının zona mərhələsi məhz Ağdamda, “İmarət”də baş tutdu. Həmin vaxt komandaların adları indiki kimi, xüsusi seçimlərlə olmurdu. Komandalar bir qayda olaraq öz şəhərlərini, rayonlarını eyni adla, özü də klub yox, yığma komanda şəklində təmsil edirdi. Ağdamın yığma komandası həmin yarışda Bərdəni 6:0, Mingəçeviri 2:0 və Cəbrayılı 3:1 hesabı ilə məğlub edərək final mərhələyə vəsiqə qazandı. Lakin Bakıda keçirilən final mərhələ ağdamlılar üçün uğursuz oldu. Belə ki, onlar yer aldıqları qrupda Qazax (3:4), Zaqatala (0:2) və Quda (0:1) səddini keçə bilmədi.
Tut ağacı, son akkordlar, işğal...
“İmarət”in görünüş olaraq, digər stadionlardan xüsusi bir fərqi yoxdur. Sovet dövründə əksər rayon stadionları necə tikilirdisə, Ağdamdakı bu stadion da o cür tikilmişdi. Onu qeyri-adi edən əsas məqam kimi, arenanın ətrafında əkilən ağacları göstərirdilər. Belə ki, həmin ağacların budaqları uzanaraq çətir kimi tribunaların, hətta bəziləri stadionun kənarlarını da örtürdü. Bir də deyilənə görə, arenanın qazonu çox əla olub. Keçmiş FİFA referisi Xaqani Məmmədovla bir dəfə bu haqda söhbətimiz olmuşdu, çünki o, “İmarət”də çox oyunlar idarə edib. Məmmədov deyirdi ki, “İmarət” infrastruktur olaraq, adi stadion olsa da, qazonu həmişə ideal olardı. Sanki xalça üzərində gəzirsən. “Qarabağ”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov isə bir dəfə mənimlə söhbətində “İmarət”dəki tut ağacı haqda xüsusi danışmışdı. Deyirdi ki, stadon ərazisində bir tut ağacı var idi, onun tutu qeyri-adi dada malik idi. Komanda Ağdamda qalanda səhərlər futbolçularla birgə o ağacın tutunu çırpar və yeyərdilər. Çünki əsl təbii vitamin idi.
Təəssüf ki, ötən əsrin 90-cı illərində Qarabağda vəziyyət daha da gərginləşdi. Proseslər siyasi məcradan çıxaraq həm də hərbi məcraya keçdi. Artıq bölgənin hər rayonununda, kəndində şiddətli döyüşlər gedirdi. Mənfur ermənilər havadarlarının güclü dəstəyi ilə bütün Qarabağ zonasını işğal etməyi qarşılarına hədəf qoymuşdular. 1991-ci ildə Xankəndi, 1992-ci ildə isə Xocalı, Şuşa və Laçının işğalından sonra Ağdam üçün də böyük təhlükə yaranmışdı. Elə gün olmurdu ki, şəhərin mərkəzinə top, qrad, alazan mərmiləri düşməsin. Bütün bunlara baxmayaraq, “Qarabağ” doğma rayonu tərk etmirdi, 1992-93-cü il mövsümünün bütün oyunlarını “İmarət”də keçirməyə davam edirdi. 1993-cü ilin may ayında vəziyyət kritik həddə çatdı. Hətta atılan mərmilərdən biri məhz “İmarət”in meydançasına düşmüş, orada böyük dəlik açmışdı. Lakin “Qarabağ” rəhbərliyi qısa zamanda həmin dəliyi torpaqla dolduraraq qazonu oyun üçün yararlı hala gətirmişdi. Bununla belə, “İmarət”də oynamaq böyük təhlükəyə, riskə çevirilmişdi. Qonaq komandalar bəzən meydançaya çıxmaqdan da imtina edirdilər. Onları da qınamaq olmazdı. Təsəvvür edin, oyun gedir və başının üzərindən mərmilər keçir. Bu şəraitdə futbol oynamaq, insan həyatını təhlükəyə atmaq da doğru olmazdı. Hətta ev sahibi olan “Qarabağ” özü belə, son zamanlar məhz futbolçuların təhlükəsizliyi üçün Ağdamda yox, Mingəçevirdə məskunaşırdı. Deyilənə görə, bəzən Milli Qəhrəman Allahverdi Bağırov məsələyə müdaxilə edir, ermənilərlə danışıq apararaq 2 saatlıq atəşkəsə nail olurdu və yalnız bundan sonra oyunlar baş tuturdu.
“Qarabağ”ın “İmarət”dəki son çempionat oyunu 1992-ci ilin 9 mayına təsadüf edir. Həmin gün ağdamlılar Sumqayıtın “Xəzər” komandasını qəbul edirdi. “Xəzər”in o vaxtkı futbolçuları ilə söhbətdən məlum olur ki, Sumqayıt təmsilçisi stadiona çatanda atışma başlayır. “Xəzər”in heyətinin də əksəriyyəti 17-18 yaşlı uşaqlar olduğundan baş məşqçi Sabir Əliyev riskə getməyərək atışmanın səngiməsini məsləhət görür. Oyun öncəsi afişlar da vurulduğundan stadiona da xeyli azarkeş gəlmişdi. Matçı izləməyə gələnlər arasında batalyon komandiri rəhmətlik Ərşad Nadirov da var idi. Vəziyyətin kritik olduğunu görən Nadirov ratsiya ilə əsgərlərinə tapşırıq verir ki, “Uzundərə”dən Ağdama mərmi atan erməni bölmələrinə cavab atəşi açılsın. Yalnız bundan sonra atışma səngiyir və oyuna başlamaq mümkün olur. 4 minə yaxın azarkeşin izlədiyi oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlir və yeganə qolu penaltidən Mehman Alışanov vurur. Məhz bu oyundan sonra “Qarabağ” özü də Mingəçevirə köçməli olur. İyunun 23-də isə Ağdam rayonu işğal olunur və rayon kimi, “İmarət” də mənfur düşmənin əlinə keçir.
... və QAYIDIŞ!
İşğal 28 il sürür. Az müddət deyil. Amma hər başlanğıcın bir sonu olduğu kimi, bu işğalın da sonu olur. 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusunun başladığı əks hücum əməliyyatları Azərbaycanın şanlı qələbəsi ilə bitir. 44 gün sürən savaşda düşmən darmadağın edilir, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Hadrud, Xocavəndin böyük hissəsi, keçmiş Ağdərənin, Xocalının bir hissəsi düşmən işğalından azad edilir. Ağır məğlubiyyətə düçar olan və tamamilə darmadağın olunan düşmən yekunda kapitulyasiya aktına imza atmağa məcbur olur. 10 noyabr razılaşmasının şərtlərinə əsasən ermənilər daha 3 rayonu-Laçını, Kəlbəcəri və Ağdamı boşaltmağa məcbur olur. Beləliklə, dekabrın 1-də Ağdam rəsmən işğaldan azad olunur. Ağdamla bərabər, “İmarət”də işğaldan qurtulur.
Artıq bu stadiona qayıdış da baş tutub. Ağdamı təmsil edən “Qarabağ” bu stadionfda simvolik məşqə və oyuna da çıxıb. Eyni zamanda müxtəlif diplomatik korpusun, səfirliklərin nümayəndələri, media əhli də “İmarət”i ziyarət edib. Təəssüf ki, o məşhur “İmarət”dən əsər-əlamət qalmayıb. Düşmən bu stadionun daşını daş üstünə qoymayıb. Amma olsun, ölkə başçısının dediyi kimi, hamısını bərpa edəcəyik. Əvvəlkindən də yaxşı, əvvəlkindən də möhtəşəm. Təsadüfi deyil ki, cənab prezident “İmarət” stadionu ilə bağlı xüsusi tapşırıq verib və bildirib ki, 30 minlik yeni “İmarət” möhtəşəm bir stadion olacaq.
Biz də ümid edirik ki, bu stadion ən qısa zamanda istifadəyə veriləcək, “Qarabağ” gələcəkdə həm çempionatda, həm də avrokuboklardakı ev oyunlarını doğma Ağdamda, doğma “İmarət”də keçirəcək. “Qarabağ” azarkeşləri də doğma tribunalardan onları dəstəkləyəcək.
P.S Bu il həm də “İmarət”in yubileyidir. 1951-ci ildə istifadəyə verilən stadionun 70 yaşı tamam olur. Düşünürəm ki, bu tarixlə bağlı da istər “Qarabağ” klubu, istərsə də Ağdam İcra Hakimiyyəti hansısa tədbir keçirə bilər...
Anar XANLAROV