“İmarət”dən verilən mesaj
- 28 May 2021 17:00
- 19700
AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov bu yaxınlarda Ağdamda səfərdə olub. Di Byazi ilə Keysuki Hondanı da götürüb gediblər “İmarət”ə. Top da oynayıblar, boy-boya poz verib şəkil də çəkdiriblər. Bu adamın səmimiyyətinə heç vaxt inanmamışam. İnanmıram ki, onu Ağdama Qarabağ sevgisi, torpaq həsrəti aparsın. Sadəcə, son zamanlar yaranmış reallıq bəzi addımlar atılmasını labüd edir ki, hiyləgər və ağıllı (futbol tərəfindən yox) baş katib də dərhal bu durumdan istifadə edib. Əks halda 44 günlük savaş boyu qeybə çəkilən, İrəvan stadionunda asılan qondarma əski parçasına biganə qalan birinin birdən birə Ağdamda peyda olması təsadüf ola bilməz.
Əslində Məmmədovun “İmarət”də top oynamasının, poz verməsinin özü bir mesajdı. Başda “Qarabağ” klubu olmaqla bütün futbol ictimaiyyətinə, ümumiyətlə, cəmiyyətə verilən mesaj. Yəni Ağdam futbolu da mənlikdi, “İmarət” də. Xatirinizdədirsə torpaqlar işğaldan yeni azad olunanda AFFA tezbazar məlumat yaymışdı ki, federasiya işğaldan azad olunan ərazilərdə həm yeni komandalar yaradacaq, həm də stadionlar tikəcək. Bu cür açıqlamanın verilməsi də normal idi. Çünki dövlət Qarabağın yenidən dirçəldilməsi üçün böyük planlar həyata keçirəcək, böyük layihələr icra edəcək və onların içində şübhəsiz ki, idman da olacaq. AFFA-nın “pulkəsən maşınları” da gözəl bilir ki, Qarabağa qayıdış planı çərçivəsində dövlət böyük pullar xərcləyəcək və idman qurğularının, o cümlədən stadionların bərpası da həmin planın tərkib hissəsi olacaq. Daim büdcəni dağıtmaqla, dövlətin milyonlarını havaya sovurmaqla məşğul olan AFFA isə bu fürsəti əldən buraxmaq istəmirdi. Ona görə tezbazar o məlumatı yayıb özlərini gözə soxmaq istədilər. Zarafat deyil, azad edilən hər rayonda komanda yaratmaq, stadion tikmək üçün büdcədən nə qədər pul çıxartmaq mümkündür. Özləri də gözəl bilirdilər ki, hökumət Qarabağla bağlı layihələrə “yox” deməyəcək. Bunun hesabına da büdcədən nə qədər pul silmək olardı. Lakin həmin ərəfədə cəld tərpənən AGİN ortaya böyük layihə qoyaraq işğaldan azad olunan ərazilərdəki dağlmış idman infrastrukturunun siyahısını açıqladı və eyni zamanda bəyan etdi ki, bütün bu işlər nazirliyin xətti ilə görüləcək. Yəni stadion tikmək lazım olsa onu nazirlik özü tikəcək. Yalnız bundan sonra AFFA geri addım atdı və o gün bu gün, o söhbətə qayıdılmadı. Lakin görünür Azad Rəhimovun dünyasını dəyişməsi, nazirliyin hələlik başsız qalması federasiyanın qol-qanadını yenidən açıb. Elxan Məmmədov əvvəl Britaniyanın səfiri ilə görüşür, sonra Ağdama gedir, “İmarət”də top oynayır, şəkillər çəkdirir. Allah bilir “İmarət”ə gözucu baxıb öz-özünə deyirmiş ki, burda nə qəşəng süni meydança salmaq olar...
Anar XANLAROV