İnadkar "Turan Tovuz", təəccübləndirən "Şamaxı" və düzəlmək bilməyən "Neftçi"
- 27 Avq 2024 11:00
- 301
Bu tur maraqlı və gözlənilməz nəticəli oyunlar ard-arda gəldi. Mən də turla bağlı ümiləşdirilmiş formada fikirlərimi sizinlə bölüşürəm. Beləliklə:
"Səbail" - "Kəpəz"
"Səbail" öncədən də favorit idi. Düzdür, Bayıl təmsiçisi ötən mövsümlə müqayisədə bir qədər zəifləmiş təəssüratı yaradır. İstər büdcə, istərsə də, heyətlə bağlı. Amma bu durumda belə, bu komanda "Kəpəz"dən bir neçə dəfə üstündür. Elə həm büdcə, həm də heyət baxımından. İndiki durumda "Kəpəz" kimi komandalar daha çox əzmkarlığa, döyüşkənliyə bel bağlayır ki, o da bir yerə qədər. "Kəpəz"də bu limitlər bitib. Möcüzə bir dəfə olur, üzə salıb dirəşsən, uzaq başı iki dəfə. "Turan Tovuz"la oyundan sonra bununla bağlı Adil Şükürova sual da verdim ki, "Kəpəz"i bir dəfə Tərlan Əhmədov xilas elədi, bir dəfə də siz. Bu dəfə artıq xilas yolu görünmür. Şükürov təbii ki, baş məşqçi kimi təmkinini qoruyur, media qarşısında komandanın yeni yığılığını, zamanla düzələcəyinə ümid etdiyini bildirir. Amma reallıq başqa şey deyir. "Şamaxı"nın "Zirə" ilə oyunu da göstərir ki, bu gedişlə bu mövsüm I liqaya ən yaxın olan yeganə komanda elə "Kəpəz"di.
"Qarabağ" - "Turan Tovuz"
"Turan Tovuz" hələ ki, yaxşı mənada təəccübləndirməkdə davam edir. Təbii ki, Kurban Berdiyevin gəlişindən sonra, tovuzlu azarkeşlər doğma komandalarından yükəliş gözləyirdilər. Amma komandanın 4 turdan sonra vahid liderə çeviriləcəyi, səfərdə "Qarabağ"ı məğlub edəcəyi gözlənilməz sayıla bilər. Berdiyev demək olar, 90 faiz ötən mövsümkü heyətlə öz dəsti-xəttini qura bilib. İlk növbədə möhkəm və etibarlı müdafiə xətti formalaşdırıb. "Qarabağ"la oyun bu baxımdan sınaq oldu. İlk 3 turda etibarlı oynayan müdafənin "Qarabağ"a qarşı da duruş gətirib-gətirməyəcəyi maraq doğururdu. Oyun göstərdi ki, Berdiyevin qurduğu müdafiə Zubirli, Juninyolu, Benzialı "Qarabağ" qarşısında da quru seriyanı qoruya bildi. Özü də güclü rəqibə ciddi üstünlük vermədən. Düşünürəm ki, yığılan bu xallar, ümumiyyətlə, qışa qədər bu cür davam edə bilsələr, yığılacaq növbəti xallar mövsümün sonunda 4-cü pilləni tutmaq baxımından "Turan Tovuz" üçün çox önəmli olacaq. Amma bir şeyi də deyim ki, bu cür davam etmək üçün heyət də mütləq güclənməlidir. Orta və hücum xəttinə minimum 2 futbolçu lazımdı. "Qarabağ"a gəlincə, bu komanda çempionluq yolunda hələ də rəqabətsizdi və növbəti çempionluğu qazana bilməməsi möcüzəyə bağlı bir şey olardı.
"Araz Naxçıvan" - "Neftçi"
"Neftçi"nin uğursuz çıxışı hələ də davam edir. Komanda hələ də qələbə siftəsini edə bilmir və turnir cədvəlində yalnız "Kəpəz"i qabaqlayır. Düzdür, Qriqorçuk yeni gəlib, zaman vermək lazımdır, amma komandada işartı da olmalıdı axı. Berdiyev də "Turan Tovuz"da yenidi, amma bu gün onun gördüyü işə baxaq, bir də Qriqorçukun işinə. Hansı ki, ukraynalının əlində olan heyət, büdcə türkmənistanlının əlində yoxdur. Berdiyevi də qoyuram qırağa, Ayxan Abbasov belə, yenidən Premyer Liqaya qayıdan "Şamaxı"da 3 oyuna bir dəsti-xətt ortaya qoyub, səfərdə "Sabah" və "Zirə" kimi komandalardan 4 xal alıb. Demək ki, "Neftçi"nin problemi zaman probleminə də oxşamır. Qriqorçuk gələndə açığı mən də nəyəsə ümid bağlamışdım, bununla bağlı paylaşım da etmişdim. Adamın gözümüzün qabağında "Qəbələ"də gördüyü işlər də var idi. Amma görünən budur ki, bu iki komandada fərqli durumlar olub. "Qəbələ"də əsas söz sahibi bir nəfər idi və o da komanda ilə bağlı bütün səlahiyyətləri ukraynalıya vermişdi, onun işinə də müdaxilə yox idi. Amma "Neftçi"də illərdi tənqid olunan bərbad idarəçilik sistemi Qriqorçuka da işləmək imkanı vermir. Adam tam olaraq bilmir ki, rəhbəri kimdi və kimə hesabat verib, kimdən nə tələb etməlidi. Son mətbuat konfransında deyir ki, transfer çalışmalarımız davam edir. Zalım oğlu, gələnlər nə oynadı, nə fayda verdi ki, yenilərini gətirirsiniz. Bunlar konfet kağızına gəlmir e, ətək-ətək pula gəlir. Mənim cibimin pulu deyil, söhbət yox, amma peşəkar yanaşma deyil axı. Bunlar elə bilir ki, pulun var deyə, vaqon-vaqon legioneri bura töküb vəziyyətdən çıxacaqsan. Qardaş, 2 futbolçu gətir, amma hazır futbolçu olsun, samballı futbolçu olsun. Sadıq Sadıqovun vaxtında bir Flavinyo ilə Kanales komandanı arxasınca aparırdı. Sonra da daxili çempionatdan tanıdıqları Vobayı da qatdılar heyətə Avropa Liqasının qrupuna düşdülər...
P.S "Neftçi"nin vurduğu qol fair-play baxımından çox müzakirə olundu, amma deyim ki, bizdə bunun da şitini-şorbasını çıxardıblar, ucuzlaşdırıblar. Hər ikidə-bir topu vur çölə, sonra da qarşıdakı komandada pair-play gözlə, bu da iş deyil. Bildiyim qədəri ilə, o epizodda Lebon yorğunliqdan yerdə qalmışdı və Avram topu oyuna daxil edən zaman artıq ayağa qalxmışdı. Heç "Araz Naxçıvan"ın qapıçısının da rəqibə canı yandığı üçün topu çölə vurduğunu düşünmürəm. O, öz aləmində vaxt udmağı düşünürdü və düşünürdü ki, "Neftçi" də topu onlara qaytaracaq. Amma yersiz vaxt uzatmaq istəyi ona və komandasına baha başa gəldi.
"Sabah" - "Sumqayıt"
Avrokuboklarda mübarizəni dayandıran "Sabah" Premyer Liqada özünə gəlməyə başlayıb. "Neftçi"nin ardından "Sumqayıt"ı da məğlub etdilər. Halbuki hesabı "Sumqayıt" açmışdı, ilk hissəni qalib kimi tamamlaya bilsəydilər, Sumqayıta ən azı 1 xalla dönə bilərdilər. Lakin ilk hissənin sonlarına yaxın buraxılan qol işləri korladı. İkinci hissədə isə futbolçuların şəxsi keyfiyyətləri, ustalıq səviyyəsi sözünü dedi. Kehatın yoxluğu da sözünü dedi. İsa Sulimaninin yoxluğu "Fehervar"la ilk oyundan özünü göstərir. Bu gün Elvin Bədəlov-Murad Xaçayev cütlüyü etibarlı deyil. Hər ikisi hər an partlamağa hazır bombalardı. Xaçayev bir neçə dəfə bunu sübut edib. Bədəlov isə ağırdı, ləngdi. "Sabah"ın ikinci qolu birbaşa onun ayağına yazıla bilər. Təcrübəli, milli statuslu müdafiəçi rəqibə o imkanı verməməlidir ki, arxası qapıya ola-ola, dönüb qol vursun. Bundan başqa, ön xətdə Vunyoviçin hələ də özünü doğurulda bilməməsi də, orta və arxa xətti daha da təzyiq altında qoyur. Amma istənilən halda, düşünürəm ki, Samir Abasovun komandası mövsümün sonuna kimi döyüşəcək. Yəni ilk "dörd"lük iddiasını sona qədər davam etdirəcək. Yeni transferlər də hazır olandan sonra rəqibləri üçün "Sumqayıt"a qarşı oynamaq daha çətin olacaq.
"Zirə" - "Şamaxı"
Hiss olunurdu ki, "Omoniya"ya ağır məğlubiyyətin şoku hələ də "Zirə" futbolçularının üzərindən qalxmayıb. Ümumi planda üstün görünsələr də, ayrı-ayrı epizodlarda futbolçuların yorğunluğu özünü göstərirdi. Yəqin ki, millinin oyunu ilə əlaqədar yaranmış fasisə Rəşad Sadıqovun komandası üçün toparlanmaq baxımından önəmli olacaq. "Şamaxı"ya gəlincə, Ayxan Abbasova və futbolçularına əhsən düşür. Abbasov həqiqətən qısa zamanda yaxşı komanda formalaşdıra bilib. "Turan Tovuz"da olduğu kimi, burda da seleksiya işi əladı. Mikelsin vurduğu qol onun səviyyəsini göstərir. Qapıçıları əla, xoşuma gəldi. Kantaria da qısa zamanda komandaya uyğunlaşıb və ilk qol elə onun əla ötürməsi ilə başladı. Qısası, bu cür davam etsə, "Şamaxı" elitada yerini qoruya biləcək.
Anar XANLAROV