Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) ümumi yığıncağı keçirilib.

Rekord.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

AAAF-ın son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, federasiya üzvlərindən Vahid Nəzərov, Elxan Süleymanov, Azad Mustafayev hesabatla bağlı irad və təkliflərini bildiriblər. Federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də səsvermə ilə qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçilib. 

Yığıncaqda həmçinin Səbuhi Mehdizadə federasiyanın vitse-prezidenti, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev İdarə Heyətinə üzv seçiliblər.

Yığıncaqda Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.