"İnanıram ki, çempionatda uğurlu çıxış edəcəyik"
- 01 Avq 2023 16:15
- 429
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması qitə birinciliyinə hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamızın üzvü Mariya Kirilyuk hazırlıq prosesi və yarış haqqında danışıb. Blokçumuzun fikirlərini təqdim edirik:
"Hazırda Avropa çempionatına hazırlığımız yüksək səviyyədə davam edir. Komandamızın baş məşqçisinin müəyyən etdiyi taktikalar üzərində çalışırıq, tapşırıqlarını ciddi səylə yerinə yetiririk. Komandamızda yüksək əhval-ruhiyyə var. Çox şükür mənim də səhhətimdə heç bir problem yoxdur. Məşqlərə başladığımız gündən öz formamı yığmağa çalışdım və deyə bilərəm ki, yarışa tam hazıram.
Bir neçə gündür ki, Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını başa vurub Bakıya qayıtmışıq.
Qarşıda Belarusla yoxlama oyunlarımız olacaq. Yoxlama oyunları zamanı çatışmazlıqları daha aydın görəcək və onları aradan qaldırmağa çalışacağıq.
Avropa çempionatına çox az vaxt qalıb. İnanıram ki, çempionatda uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".