"Neftçi”nin sonuncu çempionluğunundan 7 il keçir.

Rekord.az xəbər verir ki, ölkənin ən köklü komandası son dəfə 2012/13 mövsümündə qızıl medalları boynundan asıb.

Geridə qalan müddətdə “ağ-qaralar”ın istər rəhbərliyində, istərsə də məşqçilər korpusunda çox dəyişikliklər olsa da, paytaxt təmsilçisi “Qarabağ”ın hökmranlığına son qoya bilmir.

Çərşənbə günü “Neftçi”nin baş məşçqçi postunda növbəti dəyişiklik reallaşdı. Bu ilin yanvarında sözügedən vəzifəyə təyinat alan Füzuli Məmmədov uğursuz nəticələrə görə istefaya göndərildi və onun əvəzinə Samir Abasov “sükan arxasına” dəvət olundu.

Yeri gəlmişkən, onu da qeyd edək ki, 2012/13 mövsümündən sonra “ağ-qaralar” məqsədə çatmaq üçün 10 məşqçi dəyişib. Ancaq dəvət olunan mütəxəssislərdən heç biri “xalq komandası” ilə istədiyinə nail olmayıb.

Abasov artıq 11-ci baş məşqçidi. Ona Seymur Rəhimovla Vəfadar Quliyev kömək edəcək. Hər iki mütəxəssislə 2021/22 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Adı çəkilənlər "Sumqayıt” və "Zirə”də də Samir bəyin köməkçiləri olublar (Futbol+).

Bəs görəsən, yeni çalışdırıcının rəhbərliyi altında “Neftçi” “Qarabağ”ın hökmranlığına son qoya biləcəkmi? Abasovu 83 yaşlı klubda hansı perspektiv gözləyir?

Bu gün futbol camisəində ən çox müzakirə olunan məsələ ilə bağlı sorğu keçirməyi lazım bildik. Bu məqsədlə bir idman yazarına, agentə və futbol mütəxəssisinə tribuna verdik.

Səbuhi Səfiyarlı (agent): “Füzuli Məmmədova şans veriləndə normal qəbul etmişdim ki, komandalar gənc mütəxəssislərə şans verməlidi. Bir zamanlar çox şikayət edirdik ki, klublarımız gənc məşqçilərə etimad göstərmirlər. Məmmədovun təyinatını normal qəbul etdik. Düşündük ki, şansdan maksimum yararlanıb özünü sübut edə biləcək. Ancaq iş prosesi göstərdi ki, o hələ “Neftçi”də işləməyə hazır deyil. Bunu özü də başa düşdü. Amma gənc məşqçidi, ona yenə şans veriləcək. “Qarabağ”a 0:6 hesabı ilə uduzanda çoxumuz gözləyirdik ki, istefa verəcək. Onun yerinə kimin gətiriləcəyi, yeni məşqçinin əcnəbi, yoxsa yerli mütəxəssis olması əsas suallardan biri idi. Yeni çalışdırıcının azərbaycanlı olacağı bəlli olandan sonra ağla gələn ilk şəxs Samir Abasov idi. Düzdü, Abasov “Sumqayıt”da yaxşı komanda formalaşdıraraq özü haqda müsbət təəssürat formalaşdırdı. Amma “Zirə”də nəticə verməliydi ki, bunu azarkeşlərin, mütəxəssislərin, klub rəhbərliyinin gözlədiyi səviyyədə bacarmadı. Aydın məsələdi ki, hər dəfə, hər yerdə yaxşı nəticə vermək olmur. Bir yerdə uğursuz olmaq kiminsə pis məşqçi olması deyil. Dünya futbolunda da bir çox mütəxəssis komandalarını dəyişəndə uğursuz olub. “Neftçi”nin prezidenti Kamran Quliyevin daha yaxından tanıdığı, bir yerdə çalışdığı Samir Abasovu “Neftçi”yə çağırması normal haldı. Quliyev çalışdırıcının işinə, insani keyfiyyətlərinə, xarakterinə bələddi. Bir məşqçinin necə insan olduğunu ən yaxşı onunla işləyənlər bilir. Biz kənardan Abasovu nə qədər izləsək də, rəhbərlik etdiyi komandaların oyunlarını təhlil etsək də, məşq prosesini görsək də, daimi işbirliyi əsl həqiqəti üzə çıxarır. Bu səbəbdən də Quliyevin Abasovu “Neftçi”yə dəvət etməsi normaldı. Onun flaqmanda uğurlu olub-olmayacağı haqda dəqiq bir şey deyə bilmərik. Çünki biz Abasovun həm uğurlu “Sumqayıt”ını görmüşük, həm də “Zirə”dəki uğursuzluğuna şahidlik etmişik. Bilirəm ki, “Neftçi”nin yeni çalışdırıcısı rəhbərlik etdiyi komandanın hücum futbolu oynamasını istəyir. Bunun üçün isə “Neftçi”də kifayət qədər material var. Bundan başqa, o 5 müdafiəçi ilə oynamağı xoşlayır ki, sərəncamında bunu bacaracaq oyunçular da yetərincədi. Ümumiyyətlə, “Neftçi”də keyfiyyətli oyunçuların sayı çoxdu. Sadəcə, məğlubiyyətlərdən sonra flaqmanda inamsızlıq, ruh düşkünlüyü yaşanır. Yeni baş məşqçinin ilk işi bu çatışmazlığı aradan qaldırmaq olacaq. Abasov isə bunu yaxşı bacarır. Biz bunu onunla çalışan futbolçuların dilindən eşitmişik. Samir bəyin ən üstün keyfiyyətlərindən biri oyunçuları çox yaxşı motivasiya etməsidi. Uğurlu olacaq, ya yox - bunu zaman göstərəcək. “Neftçi” üçün tək uğur çempionluqdu. Mən inanmıram ki, “ağ-qaralar” bundan sonra çempion ola. Hazırkı turnir cədvəlinə baxanda bu inandırıcı görünmür. Amma komandanın oyunu düzələ, kollektivdə özünəinam formalaşa bilər. Turnir cədvəlində ikinci pillədə qərarlaşsa, kubokda qalib olsa, gələn mövsüm üçün öz komandasını formalaşdıra bilsə, bu, uğur olacaq. Bunların da öhdəsindən gələ biləcəyini düşünürəm”.

Ağasəlim Mircavadov (Məşqçilər Komitəsinin üzvü): “Samir yeni nəsil məşqçilər məktəbinin üzvlərindən biridi. “Neftçi” ölkənin ən köklü və tanınmış klubudu. Bu komandaya rəhbərlik edən mütəxəssis elə olmalıdı ki, istər futbolçular, istərsə də azarkeşlər onu qəbul etməli, ona şəxsiyyət kimi hörmət qoymalıdı. Klubun tarixinə nəzərə salın. Görün vaxtilə bu kollektivə kimlər rəhbərlik edib, orda necə futbolçular çıxış edib. Nə deyim? Çox istərdim ki, ölkənin ən köklü klubu tarixi ənənəsini davam etdirsin, milyonların sevimlisi olan komanda yenidən uğurları sıralasın. Samir məşqçi kimi çalışdığı dönəmdə özü ilə bağlı ikili fikir formalaşdırıb. “Sumqayıt”da işlədiyi dönəmdə nəyəsə nail olmuşdu, ancaq “Zirə”də qarşıya qoyulan məqsədə çata bilmədi. Abasovu “Neftçi”də çətin, məsuliyyətli iş gözləyir. Ona yeni işində çətin də olsa, uğurlar arzulayıram. O hansı məsuliyyətin altına girdiyini, yəqin ki, başa düşür”.