Ingilislər finalı haqq etmişdi YAZI
- 08 İyl 2021 15:37
- 979
Abilər, yapmayın: nə Danimarka? Finala İngiltərə çıxmalı idi, çıxdı da. Layiq olanı da onlar idi. Penalti məsələsinə gələcəm.
Bəlu, futbol hisslər oyunudu, ürəyə yaxın kimdisə, özündən asılı olmayaraq ona da azarkeşlik edirsən, onun oyunu sənə daha da gözəl gəlir, möcüzəvi sayırsan. Amma reallıq başqadı. Reallıq isə odu ki….
Statistika deyir ki, İngiltərə bu matçda turnir ərzindəki ortalamasından iki baş üstün performans nümayiş etdirib. Dünən ingilislər rəqib qapısına 21 zərbə endirdilər, turnir ərzində ortalama rəqəmləri isə matçbaşı 9 olub. Hətta Ukraynanı pis günə qoyduqları matçda belə bunun yarısı yox idi. İngiltərə rəqibindən daha çox topa sahib oldu, daha çox qaçdı, turnir ərzində ortalamalarını nəzərə alsaq, həm topa sahibolmada, həm qaçmada, həm ötürmə sayında, həm onların dəqiqliyində, həm qapıya zərbələrin sayı və dəqiqliyində bu AÇ-dəki ən yaxşı nəticələrini nümayiş etdirdilər. Bir sözlə, İngiltərə bütün gücünü sərf etdi. 120 dəqiqə ərzində rəqib qapısı istiqamətində cəmi 6, çərçivəyə isə cəmi 3 zərbə vuran Danimarka isə əvvəlki cümlədə qeyd olunan bütün komponentlərdə öz turnir ortalamasına belə çata bilmədi. Yəni bacarıqlarını tam ortaya qoymadılar, ya da qoya bilmədilər.
Bu, işin rəqəm tərəfi. Təbii ki, futbolu rəqəmlər oynamır, qolu da nömrə yox, o nömrəli formanı geyinən futbolçu, yaxud da onun komandası vurur. Ok. O zaman başqa məqama keçək.
Danimarka qrupda cəmi bir qələbə - onu da yarışa niyə qatıldıqlarını özləri də bilməyən ruslar üzərində qazanaraq pley-offa çıxmışdı. 1/8 finalda Uels, 1/4-də isə Çexiyanı adlamış, yarımfinala qədər irəliləmişdilər. Ruslar demiş, “pri vsyom uvajenii” nə adalılar, nə də çexlər (möhtəşəm fiziki hazırlıqlarına baxmayaraq) nəhənglər sırasına daxil deyillər və onlar üzərində qələbələr möcüzə deyil. İlk ciddi rəqib Belçika idi, sonda da ingilislər gəldi, ikisinə də uduzdular.
Bəli, mənim də ürəyim daşdan deyil və Eriksen məsələsini gözardı etmirəm. Bu barədə hələ həmin hadisə baş verəndən qısa müddət sonra yazmışdım ki, danimarkalıların finlərlə matçı elə həmin axşam bərpa etməyə razılıq vermələri insanlıq və futbol naminə atılan ən böyük addım idi. Və buna görə biz onlara sonsuza qədər minnətdar olacağıq. Bu psixoloji durumdan çıxıb yarımfinala qədər gəlmək, özü bir uğur, hətta möcüzə idi. Möcüzə isə nağıllarda olur, nağılların isə nə vaxtsa bitmə özəlliyi var. Dünən də o “Düyməcik” nağılı “Uembli”də bitdi. Mənim üçün gözlənilən bir ssenari idi.
Gəlim, penaltiyə. Onun olub-olmamasından əvvəl həmin epizod, hücumun qurulmasını xatırlayaq. Əlavə vaxtın 3-cü dəqiqəsində Sterlinq eyni cinahdan az qala santimetrinə qədər eyni keçidi etdi, Kyaer də ona toxundu, sadəcə cərimə olmadı. İki dəqiqə sonra yenə Kyaer Sterlinqi, bu dəfə xəttin üzərində “blokladı”, Hendersonu topu alıb içəri girdi, sonda künc zərbəsi qazanıldı. Üstündən bir neçə dəqiqə sonra isə eyni keçid və penalti epizodu gəldi. Yəni iki dəqiqədən bir eyni epizoda imkan verir, eyni cür davranır, bundan nəticə çıxarmayaraq nəsə əks addım atmırsansa, nəticəsi də bu cür olmalıdı. Bəli, hakim nöqtəyə göstərməyə də bilərdi. Təkrarda da görünür ki, o epizoda yaxındı və hər şey gözünün qabağında baş verir. Amma o, toxunuşu yox, Sterlinqin yıxılmağını gördü, çünki Yensenin arxasında dayanmışdı. Müzakirəyə, hətta mübahisəyə açıq epizoddu, amma qərar qətiyyətlə verildiyindən, bu işdə pərdəarxası axtarmadım. Baxmayaraq ki, bazar ertəsi efirdən öncə həmkarlarım Araz Əhmədov və Kənan Hakimova demişdim ki, ingilislərin finala çıxmasında mütləq bir hakim rolu olacaq. Yenə də qərarı sizin üzərinizə buraxıram.
Bütün bunlara rəğmən, mən İngiltərənin finala daha layiq olduğunu düşünürəm: daha güclü, daha istəkli, daha yaxşı komanda mərhələni adladı.
İs it really coming home, mates?
Kənan Məstəliyev, Rekord.az