İngiltərə klublarında daha 7 nəfərdə koronavirus aşkarlandı
- 11 İyn 2020 13:22
- 626
Futbol üzrə İngiltərə Premyer Liqasında, eləcə də Çempionşipdə mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən turnirlərin rəsmi saytları məlumat yayıb.
Premyer Liqada 8-9 iyun tarixlərində bütövlükdə 20 klubda 1213 nəfərdən götürülən analizlərdən yalnız birinin nəticəsi pozitiv çıxıb. Həmin şəxsin adı və klubu açıqlanmayıb. Baxmayaraq ki, ötən gün “Stok Siti”nin baş məşqçisi Maykl O’Nilldə koronavirus aşkarlandığı barədə xəbərlər yayılıb. Hətta buna görə sözügedən komandanın “Mançester Yunayted”lə yoxlama matçı da qarşılaşmaya bir neçə dəqiqə qalmış ləğv olunub.
Çempionşipdə isə 24 klubda 1192 nəfər testdən keçib. Bu testlərdən altısının nəticəsi müsbət çıxıb. Koronavirus aşkarlanan şəxslər və onların klubları açıqlanmır.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsüm iyunun 17-də, Çempionşipdə isə ayın 20-də bərpa olunacaq.