Azərbaycan teleməkanında böyük tamaşaçı auditoriyasına malik, dünyanın ən baxımlı liqası sayılan İngiltərə Premyer Liqasının (EPL) 2021/2022 mövsümünün mərkəzi oyunlarınıın İctimai Televiziya (İTV) ilə yayımlanması barədə razılıq əldə olunub.

Rekord.az xəbər verir ki, bu barədə telekanaldan məlumat verilib.

Futbol həvəskarları hazırda EPL-in matçlarını ölkə ərazisində izləməklə bağlı problemlə üzləşdiklərindən, nüfuzlu idman tədbirlərinin yayımlanmasında zəngin təcrübəyə malik telekanal azarkeşlərə növbəti sürpriz edib. Anlaşmaya əsasən, hər turun 2 mərkəzi qarşılaşması canlı yayımda təqdim olunacaq: "Premyer Liqa ilə bağlı yayımın əldə olunmasında bizi tərəfdaş olaraq seçdiyinə görə “Saran Holdinq”ə təşəkkürümüzü bildirir, bu əməkdaşlığın hər iki qurum üçün uğurlu olacağına inanırıq".

Qeyd edək ki, İTV-nin bu razılığı əldə etməsində telekanala ünvanlanan çoxsaylı müraciətlər, şirkətin sosial şəbəkə hesablarının mesaj qutularına yazılan yüzlərlə məktub və ümumiyyətlə, Premyer Liqa oyunlarına böyük ictimai maraq nəzərə alınıb.

Beləliklə, 2 oktyabr saat 15:30-da başlayacaq “Mançester Yunayted” – “Everton” oyunu ilə İngiltərə Premyer Liqası Azərbaycan teleməkanına qayıdır. 3 oktyabr saat 19:30-da isə “Liverpul” - “Mançester Siti” oyunu ekranlara gətiriləcək.