İngiltərə Premyer Liqasında qalan matçlar 5 həftədə oynanıla bilər.

Rekord.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bildirilib, belə olacağı təqdirdə, hər komanda 35 gün ərzində həftədə 2 dəfə oynayacaq. 16 klubun 9, 4-nün isə 10 oyunun qaldığı xatırladılıb.

Nəşr yazıb ki, hazırda qarşılaşmaların bu qədər sıx bir cədvəllə keçirilməsi üçün texniki imkanın olub-olmadığı müzakirə olunur. Bundan başqa, təqvimə İngiltərə kubokunun oyunları da daxil edilməlidir.

Qeyd olunub ki, Premyer Liqa hazırda may ayında bərpa olunacağı gözlənilən Bundesliqanın təcrübəsini böyük maraqla izləyir. İngiltərə çempionatının mayda yox, iyunda bərpa oluna biləcəyi vurğulanıb.

Xəbərdə cümə günü Premyer Liqa klublarının oyunların yenidən nə vaxt başlanacağı ilə bağlı videokonfrans keçirəcəyi bildirilib. Liqa oyunlarının noyabr ayına kimi boş tribunalar önündə keçirilməsi ilə bağlı narahatlıqlar olduğu yazılıb.

 İngiltərədə növbəti mövsümün avqustun 8-i başlaması planlaşdırılır. Premyer Liqa rəhbərliyi hesab edir ki, bu tarix 2019/20 mövsümünün tamamlanması üçün dəyişdirilə bilər. Lakin rəhbərlik tarixlərin çox uzanmasını istəmir. Çünki Avropa çempionatına 2021-ci il iyunun 11-i start veriləcək.