“İntellektual Kubok”a seçilən komandalar bəlli oldu
- 14 Fev 2020 20:30
- 782
AÇ-2020-yə həsr olunmuş “İntellektual Kubok”a seçilən komandaların adları artıq bəllidi.
Rekord.az xəbər verir ki, yanvarın 31-dən fevralın 12-dək davam edən qeydiyyatda 158 komandadan müraciət gəlib.
Qeydiyyatdan keçən ilk 40 komanda yarışda iştirak şansı qazanıb və onlarla iştiraklarını təsdiqləmək üçün əlaqə saxlanılıb.
Qeyd edək ki, turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar.
Turnir “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı Fatehdi.
Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək AÇ-2020 oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, birinci yerə 1200 AZN, ikinci yerə 900 AZN, üçüncü yerə isə 600 AZN dəyərində pul mükafatı veriləcək.
“İntellektual Kubok” fevralın 16-da, saat 11:00-da “Bulvar Hotel”də keçiriləcək.
Qeyd edək ki, tədbir Azərbaycan dilində olacaq.