AFFA-nın İntizam Komitəsi var. Hər turdan sonra hakim qərarları və protokolları əsasında cəzaları açıqlayır. Bu komitənin sədri də Erkin Hüseynov adlı şəxsdir. Deyilənə görə hüquqşünasdı. Bilmirəm, öz gücünə oxuyub, təsadüfən bu sahəyə düşüb, amma onun hüquq savadına məndə ciddi şübhələr var.  Bu şübhələr də "Araz Naxçıvan" - "Qarabağ" və "Neftçi" - "Sabah" arasında ölkə kubokunun ilk yarımfinal matçlarında yaşananlarla bağlı ona ünvanlanan jurnalist suallarına cavabı əsasında yaranıb. Birincisi, adamın bilməli olduğu qaydalardan xəbəri yoxdur. İkincisi, bu şəxs ona işi ilə bağlı müraciət edən jurnalistə normaı şəkildə cavab vermək mədəniyyət və iqtidarında da deyil. Yazının bundan sonrakı hissəsində bütün bunları əyani sübutlarla ortaya qoyacam. 


İlk öncə ondan başlayım ki, Erkin Hüsynovla əlaqə saxlayan mətbu orqan "Futbol +" qəzetidir. Hansı ki, 30 ilə yaxındır fəaliyyət göstərir və idman mətbuatında xüsusi çəkisi var. Yəni sənə dünən yox srağagün yaranan hansısa sayt zəng etməyib ki, onunla o cür kobud danışasan, bütün etik qaydaları tapdalayasan. Zəng edən jurnalist səndən nə soruşub, soruşub  ki, Qurban Qurbanovun və Vasili Berezutskinin etdiyi hərələtlərdə hər hansı qayda pozuntusu varmı, onların hərəkətlərinə qarşı hansısa cəza mezanizmi tətbiq etmək olarmı. Tam normal və aidiyatı üzrə verilən sualdı. Məlumat üçün bildirək ki, "Araz-Naxçıvan" - "Qarabağ" matçında Qurban Qurbanov penalti epizoduna etiraz edərək əlindəki planşeti təpik vuraraq sındırıb. "Neftçi" - "Sabah" matçında isə qonaqların baş məşqçisi Vasili Berezutski mətbuat konfransında VAR hakimini tənqid edib və daha sonra jurnalistlərin suallarını cavablandırmadan zalı tərk edib. İntizam Komitəsinin sədri isə deyir ki, bu halların heç birində qayda pozuntusu yoxdur və məşqçilərə cəza verilməməsi də tam normaldı. Hətta jurnalistlərə məsləhət verib ki, "İntizam Məcəlləsi"ni əldə edib oxuyub, maariflənsinlər. "Yalansa, başınıza normal ölçülü daş düşsün" deyərdim, amma AFFA-nın binası da daşdan yox, "alkapondan"dı. Ay komitə sədri, gözünün içinə kimi yalan deyirsən axı. Elə sənin dediyin məcəlləyə əsasən hər iki məşqçiyə cəza düşür. Necə? izah edim, tanış ol.


Hüseynov deyir ki, Qurban Qurbanov  öz planşetini sındırıb. Guya ki, təpiklə sındırdığı planşetin hissələri meydana düşsəydi, kiməsə dəysəydi, cəza veriləcəkdi. Heç kimə xətər yetirmədi, oyun dayanmadı, hakim tərəfindən sarı və ya qırmızı vərəqə də verilmədi. Yəni Qurbanovun əməlində cəza predmeti yoxdur. Amma "Oyun qaydaları" kitabının 4-cü qaydasının 4-cü bəndi tamam başqa şey deyir axı. Düzdür, həmin bəndə baş məşqçilərin taktiki məqsədlər üçün elektron avadanlıqlardan istifadəsinə icazə verilir. Amma eyni zamanda, qeyd edilir ki, həmin şəxs həmin avadanlıqdan istifadə zamanı yolverilməz davranış nümayiş etdirərsə, texniki zonadan qovulmalıdır. Qurban Qurbanovun planşetə təpik vurması yolverilən davranış idi? Təbii ki, yox. Deməli, "Oyun qaydaları"nın 4-cü qaydasının 4-cü bəndinə əsasən Qurban Qurbanov qırmızı vərəqə ilə texniki zonadan qovulmalı idi. Əgər hakimin buna cürəti çatmayıbsa, o zaman İntizam Komitəsi yayılmış video görüntü əsasında bu qərarı verməli idi. 


Vasili Berezutski ilə bağlı məsələyə gəlincə, bu şəxs "Neftçi" ilə oyundan sonra konfran zalına daxil olaraq, yalnız hakimlik haqda 2-3 kəlmə fikir bildirib: "Uşaqlara afərin, yaxşı mübarizə apardılar. 11 nəfər futbolçuya və 3 hakimə qarşı mübarizə apardılar. Sanki VAR-da hakim yoxdur. Oyun barəsində bu qədər danışa bilərəm, vəssalam". Bunun ardınca isə jurnalistlərin suallarını cavablandırmadan zalı tərk edib. Burda da qayda pozuntusi olmadığını deyən Hüseynov ağ yalan danışır.  "Savadlı" sədr,  gəl sənə elə jurnalistlərə oxumağı tövsiyyə etdiyin İntizam Məcəlləsindən stat gətirim. Həmin məcəllənin 57-ci maddəsinin 2-ci bəndində nə yazılıb? "Mətbuat konfransında iştirak edən baş məşqçi hakimin idarəçiliyi haqda qeyri-etik ifadələr işlədərsə, hakimləri təhqir edər, böhtan atar və ya onları hədələyərsə, o matçlardan 2 oyun kənarlaşdırılır, klub 2000 (2 min) manat cərimələnir". 

Berezutskinin "11 futbolçuya və 3 hakimə qarşı mübarizə apardıq, sanki VAR-da hakim yoxdur" ifadəsi nə anlama gəlir? Adam açıq şəkildə hakimliyin obyektivliyini şübhə altına alır, onları birbaşa rəqib komandaya "işləmək"də ittiham edir. Böhtan tərkibi yoxdur burda? "Turan Tovuz" hakimliyin şəffaflığını şübhə altına aldığı üçün 20 min manat cəriməni yapışdırdınız bellərinə. Prinsipcə, Berezutski də hakimlərin şəffaf idarəçiliyini şübhə altına alır, ona niyə cəza tətbiq olunmur? 


Üçüncü məsələ, bu adam jurnalistlərə qarşı hörmətsizlik edir və Erkin Hüseynov buna da haqq qazandıraraq deyir ki, "məşqçi bir saat oturub  jurnalistlərin boş-boş suallarını cavablandıran deyil". Bu açıqlama ilə bu adam artıq tərbiyəsizləşir, bütün etik çərçivələri aşır. Sənə kim ixtiyar verib ki, bütün jurnalistlərin adına bu cür ifadə işlədəsən. Sən nə bilirsən, Berezutskiyə kim, hansı sualı ünvanlayacaqdı? Baş məşqçinin peşə borcudur ki, hər oyundan sonra jurnalistlərin suallarını cavablandırsın. Bundan imtina edən məşqçiyə qanunla cəza da nəzərdə tutulub. Əgər mətbuat konfransı yalnız baş məşqçilərin oyun haqda fikirləri üçün nəzərdə tutulubsa, o zaman həmin konfransa və zala nə ehtiyac var? Elə hər məşqçi öz klubunun saytına fikirlərini bildirsin, jurnalistlər də ordan götürüb öz saytarına qoysunlar. Hüseynovun məntiqi ilə Berezutski hər oyundan sonra gəlib oyunla bağlı fikirlərini bilirib sualları da gözləmədən çıxıb gedə bilər və buna görə də ona heç kim güldən ağır söz deyə bilməz. Çünki rus məşqçi "Neftçi" ilə oyundan sonra məhz bu cür etdi və heç bir cəza, xəbərdarlıq almadı. Məntiqinə quzu kəssinlər ay Hüseynov.


Sonda hələ utanmaz-utanmaz da deyib ki, işim həddən artıq çoxdur, təkcə İntizam Komitəsinin sədri deyiləm, SOCAR-da da çalışıram, hər sualı cavablamağa vaxtım yoxdur. Bax burda deyərlər ki, "gözlərimin ikisi də aydın". Sənin neçə yerdə işləməyinin bizə heç bir dəxli yoxdur. Jurnalist sənə İntizam Komitəsinin sədri kimi, özü də iş vaxtı zəng edib cavabdehlik daşıdığın sahə ilə bağlı sual verib. Sənin də borcun həmin suala cavab verməkdir. İki işi bir yerdə apara bilmirsənsə, jurnalistə minnət vurma, zəhmət çək, bir işin qulpundan yapış. Öyrənmisiniz 5 yerdən iki əlli yapışmağa...


Anar XANLAROV