“İnturist”dən qazandığını futzala xərcləyən rəis
- 06 May 2020 15:00
- 834
(mərhum Ağarza Rzayevə həsr olunur)
Martın sonunda, konkret 29-da Azərbaycan futzalına ağır itki üz verdi. Futzal Federasiyasının sabiq prezidenti, İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında dünyasını dəyişdi. Koronavirus təhlükəsinə görə ictimaiyyət veteranı son mənzilə layiqli şəkildə uğurlaya bilmədi. Gələn həftənin ortalarında isə qırx mərasimi olacaq...
Mərhumla tez-tez də olmasa, müntəzəm əlaqə saxlayır, imkan düşəndə, xüsusən də futzal oyunlarına gedəndə görüşürdük. Sonuncu dəfə ad günümdə - ölümündən iki həftə əvvəl əlaqə saxlayıb təbrik etdi. Ağarza müəllim təkcə (keçmiş) futzal funksioneri deyildi. Necə böyük hörmət sahibi olduğunu qarşılaşdığı insanların onunla necə görüşməsindən görmək olardı. Eşitdiyimə-bildiyimə görə, veteranlara, futzalçılara, əlsiz-ayaqsızlara, imkansızlara dəfələrlə əl tutub. Həm xasiyyəti, həm dinə bağlılığı ilə əsl Hacı idi. Yeri gəlmişkən, müqəddəs ziyarətdə bir neçə dəfə olmuşdu.
Qısaca tərcümeyi-halına nəzər salaq: Ağarza Xanəhməd oğlu Rzayev 1954-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub. 1971-ci ildə 173 saylı orta məktəbi bitirib. 1981-86-cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Müxtəlif illərdə “Spartak”, “Avtomobilçi” komandalarında futbol oynayıb. 1994-99-cu illərdə futzal üzrə Azərbaycan yığmasının rəisi, 1999-2008-ci illərdə Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti olub. 2008-ci il iyunun 12-də tutduğu vəzifədən istefa verən Ağarza müəllimi fəaliyyətini başa çatdırmağa işlərinin çoxluğu məcbur edib. 2013-18-ci illərdə futzal üzrə ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. 2018-ci ilin iyulundan AFF-nin İcraiyyə Komitəsinin üzvü idi. Həmçinin son iki ildə Bakı Kəndlər Futbol Federasiyasının vitse-prezidenti təyin olunmuşdu.
Ağarza Rzayev müstəqilliyimizin ilk illərindəki çətin dövrdə, pulsuzluq vaxtı milli komandanın rəisi kimi şəxsi pulunu xərcləyib. Sovet vaxtından etibarən 34 il “İnturist” kimi məşhur mehmanxanada baş aşpazlıqdan inzibatçılığa qədər işləmiş, daha sonra birinci mərtəbədəki restoranın (səhv etmirəmsə, adı “Relax” olub) sahibi olmuşdu. Bir neçə dəfə beynəlxalq səfərlər ərəfəsində milli komanda üçün “İnturist”də toplanış təşkil edib. Rəhmətlik bu barədə müsahibəsində bizə danışmışdı: “Həmin vaxtlarda ölkə çempionatında iddialılardan olan "Avtomobilçi”, "Azərneftyanacaq”, "Neftçi" veteranları birləşdirilərək millimiz formalaşdırıldı. Artıq 1995-ci ildə yığma tarixində ilk dəfə Hollandiyada keçirilən Avropa çempionatının seçmə mərhələsində iştirak etdi. Həmin dövrdə mən yığmanın rəisi, Habil Qurbanov Futzal Komitəsinin sədri, Əbdülqəni Nurməmmədov isə millimizin baş məşqçisi idi. Orda 6 komanda arasında 5-ci olduq. Sonra qərara alındı ki, federasiya təsis olunsun. Mənə təklif etdilər, razılaşdım. Sənədlərimi Ədliyyə Nazirliyinə təqdim etdim və federasiya prezidenti olmağım təsdiqləndi. Uzun illər ərzində ölkə futzalına rəhbərlik etdim. İndi maşallah, AFFA yığmaya hər cür dəstək verir. O vaxt isə futzala baxılmırdı. Öz imkanım daxilində nələrsə etməyə çalışırdım. Ümumiyyətlə, xeyli iş gördük, maraqlı çempionatlar oldu”.
Mərhumun oturub-durduğu, yaxın olduğu futbol adamlarından Ağasəlim Mircavadovun, Rüstəm Rəhimovun, Hacıbala Abdullayevin, Vaqif Davudovun adını çəkə bilərik. Ağasəlim müəllimlə uzun illər dostluq ediblər. Onun vəfatı dostuna pis təsir edib: “Ağarza haqqında yazmaqla çox böyük savab qazanırsız. O, mələk kimi insan idi. Uzun illər bir yerdə olmuşuq. Əvvəl evləri “2-ci Xrebtovı”da idi, sonradan Yasamalda yeni binalara köçdü. 5 qardaş, 1 bacı idilər, qardaşlarından ikisi dünyasını dəyişmişdi. Özünün isə 1 oğlu, 1 qızı var. Allah övladlarına cansağlığı versin. Oğlu ədliyyə sistemində çalışır. Ağarza əsl mömin, xeyirxah, qəlbi təmiz, yardımsevər biri idi. Futbolu, futzalı çox sevirdi. Mən “Spartak”da işləyəndə orda oynayırdı. Ali təhsilli idi, iqtisadiyyatı bitirmişdi. İşi də demək olar, öz sahəsinə yaxın idi. “İnturist”də təşkilati məsələlərə baxırdı. Düzdü, baş aşpaz işləmişdi. Onu da deyim ki, aşpazlığı da əla bacarırdı. Həmin illərdə dünya aşpazları üçün Amerikada keçirilən tədbirdə Azərbaycanı o təmsil etmişdi. Gözəl təşkilatçı idi. O vaxt "İnturist"də keçirilən dövlət səviyyəli tədbirləri o təşkil edirdi. SSRİ vaxtı "Neftçi" ilə qarşılaşmağa gələn komandalar da, adətən, "İnturist"də qalırdı və Ağarza onları qarşılayıb yola salır, qulluq edirdi. Ona görə SSRİ məkanında da onu tanıyır, hörmət edirdilər. Futzal yığmamız da təlim-məşq toplanışını orda keçirir, Rzayev onları yedirib-içirir, səfər xərclərini qarşılayırdı.
Dəfələrlə Həcc ziyarətində olmuşdu. 2006-da bir yerdə getmişdik ziyarətə. Mən yoldaşımı da aparmışdım”.
Hacı Vaqif Davudovun Ağarza müəllmlə tanışlıqığı isə 80-ci illərə təsadüf edib: “Ağarza futbolda ilk addımını Bakının “Spartak” stadionunda məşqçi Ənvər Quliyevin rəhbrəliyi altında atıb. Sonra məşqçi Rafiq Əlizadənin rəhbərliyi ilə Sovetlər birliyinin 9-cu zonasında “Bakılı” komandasında oynayıb. 2018-ci ildə Bakı Kəndlər Futbol Federasiyasının növbəti konfransında biz onu vitse-prezident seçdik. Çox xeyirxah insan idi. Bildiyimə görə, hətta Sovetlər birliyi zamanında çətin də olsa, Həcc ziyarətinə gedib. Alicənab, əməksevər, zəhmətkeş insan idi. Həmişə insanlara faydalı olmağa çalışırdı.
İlk tanışlığımıza gəlincə, o, 1980-ci illərdə “Molodyoj Azerbaydjana” qəzetinin mükafatı uğrunda qış birinciliyində oynamış, mən ona hakimlik etmişəm. Futbolçu kimi də bacarıqlı idi, bir çoxundan fərqlənirdi. Ağarza sakit təbiətli, rəhmli biri idi. Həmişə bizim tədbirlərdə - iclaslardan tutmuş mükafatlanmaya qədər hamısında iştirak edirdi. Sonuncu görüşümüz Banişevskinin xatirə turnirində olmuşdu. Vəfatından 5 gün öncə onunla telefonda danışmışdıq. Aprelin 1-i, ya da 2-si Bayılda görüşəcəkdik. Ayın 29-da hakim Aydın Baxışov mənə zəng edərək, Ağarzanın qəfil ölüm xəbərini çatdırdı. Onun ölümünə çox üzüldüm”.
Sonda Ağarza müəllimin oğlu Məhəmməd bəylə də danışdıq: “Atamın yoxluğu ilə barışmaq çətindi. Onun vəfatı hamımıza pis təsir edib. Sakitcə aramızdan getdi. Ciddi xəstəliyi yox idi. Ayın 29-u günorta vaxtı qəfil dünyasını dəyişdi. Dəstəmaz alıb namaz qılmağa hazırlaşırmış. Evdəkilərə deyib ki, saat “yatıb”, batareya gətirib onu dəyişin. Uşaqlar batareya dalınca gediblər, 5-6 dəqiqə sonra gəlib görüblər ki, dünyasını dəyişib. Məlum vəziyyətə baxmayaraq, yasına xeyli adam gəlmişdi. Zəng vuran, başsağlığı verənlər də çox oldu. Bu, atamın necə sevildiyini, dost-tanışlarının çox olduğunu göstərir. Atam futbolu, futzalı çox sevirdi. 14-15 il futzala, milliyə rəhbərlik edib, qazandığını ora xərcləyirdi. Artıq buna imkanı çatmayanda postundan istefa verdi.
Nəsildə onun yolunu davam etdirən, yəni futbol oynayan yoxdu. Düzdü, bir əmimiz oğlu bir müddət futbolla məşğul olub. Mən isə dövlət qulluğunda çalışıram. Ancaq nəvələri arasında idmançılar var”. ("Futbol +)