İran mediası azərbaycanlı məşqçi Ramiz Məmmədovla bağlı yaydığımız xəbəri təsdiqləyib.

Rekord.az xəbər verir ki, yerli «Fartak varzeşi» və «Di sport lige 1» nəşrləri «Qəbələ»nin sabiq çalışdırıcısının fəaliyyətini bundan sonra İranda davam etdirəcəyini tirajlayıb.

Onların yazdığına görə, «Pro» kateqoriyalı məşqçi «Maşinsazi» ilə anlaşıb. Sonuncu dəfə «Keşlə»də idman direktoru postunu tutan Məmmədov Təbriz klubu ilə 1 illik müqavilə şərtlərini razılaşdırıb.

Bu, təcrübəli mütəxəssisin İrana 3-cü dönşüdür. O, 2001-2004-cü illərdə Arazın o tayında çıxış edib.

İlk 2 ildə «Peykan»ın formasını geyinən Məmmədov növbəti mövsümdə «Peqah»ın uğurları üçün çalışıb. Bir neçə il öncə isə ora məşqçi kimi qayıdıb, «Damaş»ıın sükanı arxasna keçib.

Ümumiyyətlə, İran Ramiz Məmmədovun məşqçi olaraq çalışacağı ikinci ölkədir.

Azərbaycanın sayılıb-seçilən mütəxəssislərindən biri sayılan millinin keçmiş müdafiəçisi 2011-ci ildə Qazaxıstanda - «Atırau»da işləyib və buradan erməni futbolçu ilə bağlı yaşadığı qalmaqala görə ayrılıb.

«Maşinsazi» yeni mövsümdən Birinci Liqada mübarizə aparacaq. Yaxınlarda Təbriz təmsilçisinin rəhbərliyi dəyişib və yeni gələn idarəçilər iddialı komanda formalaşdırmaq fikrindədir.

Hələlik R.Məmmədovla əlaqə yaratmaq qeyri-mümkündür. O, telefon zənglərinə cavab verməsə də, bildiyimizə görə, hazırda İrandadır.

Təcrübəli mütəxəssisin yalnız «Maşinsazi»yə görə Arazın o tayına yollanmadığı da artıq bizə məlumdur. Məmmədovun Tehranda «Saypa» rəhbərliyi ilə görüşməsindən xəbərdarıq.