Bir neçə gün bundan qabaq saytımızda "Nazirlik işğaldan azad olunan stadionları özü tikəcək: AFFA "ofsayd"a salındı" başlıqlı xəbər getmişdi. Həmin xəbərdə bildirmişdik ki, işğaldan azad olunan ərazilərdə inşa olunacaq stadionların tikintisini AFFA aparmaq istəsə də AGİN buna imkan verməyib və bu işi öz üzərinə götürüb.

Rekord.az xəbər verir ki, məsələyə AFFA-nın özündən də münasibət gəlib və xəbərimiz demək olar ki, təsdiqlənib.

Federasiyanın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla sportinfo.az-a açıqlamasında bunları deyib: "Əgər İdman Nazirliyi nəyisə açıqlayıbsa, AFFA İdman Nazirliyinin gördüyü hər hansısa işə nəzarət edə bilməz. Nazirlik dövlət orqanı olaraq hansı stadionların tikiləcəyini açıqlayıb. Müdaxilə edilməsi düzgün deyil. AFFA ictimai təşkilatdı, dövlət orqanı deyil. Böyük stadionların tikintisinə gəldikdə isə real olaraq orada tikintinin nə vaxtdan başlaması müəyyənləşən kimi yəqin ki, danışıqlar onda olacaq". Qurum rəsmisi federasiyanın öz layihəsi olduğunu da bildirdi: "AFFA tərəfindən öncədən məlumat verilib ki, süni meydançalar layihəsi həyata keçiriləcək. Bu da Məskunlaşmanın başlaması ilə paralel olaraq".