İşğaldan azad olunmuş torpaqlarda ilk beynəlxalq turnir öncəsi parad keçirildi
- 05 May 2022 16:31
- 446
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnir keçiriləcək.
Rekord.az xəbər verir ki, mayın 6-7-də mərhum prezident Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident kuboku-2022” baş tutacaq.
Turnirdən öncə Mingəçevirdə komandaların paradı təşkil olunub. Yarış iştirakçıları keçiddən sonra Heydər Əliyevin abidəsini ziyarət ediblər. AKAF prezidenti Vüqar Əhmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və komanda rəsmiləri Heydər Əliyevin heykəlinin önünə gül dəstələri qoyublar.
Reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.
“Prezident kuboku-2022” turnirinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.