İsgəndər Cavadov Gəncə səfərini təxirə saldı: Lənkəranda qırmızı vərəqə alan qapıçıya görə - ÖZƏL!
- 21 Okt 2019 12:00
- 1147
Ötən gün U-17 liqası çərçivəsində Lənkəranda oynanılan "Xəzər Lənkəran" - "Kəpəz" matçında dava-dalaş yaşanmış, azarkeşlər meydançaya axışmışdı. Hadisə zamanı diqqət çəkən əsas məqam "Kəpəz"in qapıçısı Cavid Qurbanov olub. Belə ki, bəzi yerli futbolçular və azarkeşlər onun üstünə hücum çəkib və qarşılıqlı sillə-təpiklər işə düşüb. Maraqlıdır ki, görüşün baş hakimi dava zamanı özünü müdafiə edən qapıçıya qırmızı vərəqə göstərib. İndi isə Gəncə təmsilçisi çətin duruma düşüb. Güman ki, İntizam Komitəsi Cavidə minimum 2 oyun cəza verəcək. Cəza daha da ağır ola bilər. Bu isə o deməkdir ki, "Kəpəz" növbəti oyunlara başqa qapıçı tapmalıdır. Lakin qərblilər ümid edir ki, İntizam Komitəsi onların qapıçısının cəzasını ləğv edəcək. Çünki "Kəpəz" tərəfi iddia edir ki, oyun zamanı stadionda polis olmayıb təhlükəsizlik təmin olunmayıb. Qapıçı da özünü müdafiə etmək üçün ona endirilən zərbələrə qarşılıq verməli olub.
"Rekord.az"-a daxil olan məlumata görə, məsələyə "Kəpəz"in Müşahidə Şurasının sədri İsgəndər Cavadov da qarışıb.
Sabah Gəncəyə yola düşməli olan Cavadov bu səfərini təxirə salıb. Əvəzində Cavidin məsələsi üçün AFFA-ya gedəcək. Cavadov İntizam Komitəsinin üzvləri ilə görüşüb onları inandırmağa çalışacaq ki, baş verənlərdə qapıçı günahsızdır və ona verilən qırmızı vərəqə ləğv edilsin.