Bu gün Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Rekord.az xəbər verir ki, Azərbaycan klublarının 2-ci raunddakı potensial rəqibləri də cavab matçlarını keçirəcəklər.

Əvvəlcə "Sabah"ın mümkün rəqiblərindən olan Latviyanın RFS komandası Şimali Makedoniya təmsilçisi "Makedoniya"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Latviyadakı ilk oyunda meydan sahibləri qələbə qazanıb - 1:0.

"Neftçi"nin potensial rəqibləri olan Belarusun "Dinamo" (Minsk) klubu isə Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, Bakıda "Azersun Arena"da baş tutacaq bu görüşə saat 21:00-da start veriləcək. İlk matç bərabərliklə yekunlaşıb - 2:2.

Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya "Eqnatiya"sı Ermənistanın "Ararat" komandasını qəbul edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınıb. Azərbaycanlı yarımmüdafiəçi həmin oyunun 59-cu dəqiqəsində meydana daxil olmuşdu.