"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünün nəticələri haqqında danışıb.

Rekord.az xəbər verir ki, "Sumqayıt" bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq.

Abasov klubun mətbuat xidmətinə açıqlamasında rəqibin güclü olduğunu vurğulayıb: 

"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".

"Sumqayıt" ilk matçı öz meydanında keçirəcək. Konfrans Liqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.