“İşimizin nəticəsini gördük”
- 28 İyn 2024 21:25
- 219
Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında komanda hesabında 1-ci yeri tutan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda son 4 ildə 3-cü dəfə Avropa çempionu olan millimizin təntənəli qarşılanma mərasimi keçirilib.
Taleh İsrafilov, böyük məşqçi:
“Qitə birinciliyində 9 medal qazandıq. 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə etdik. Komanda hesabında çempion olduq. İkinci pillədəki Ermənistanı həm medalların əyarında, həm də 51 xal fərqiylə qabaqladıq. 2021 və 2022-ci illərdə olduğu kimi, bu dəfə də Avropa çempionu olduq. Allah uşaqların əziyyətinin bəhrəsini verdi. İşimizin nəticəsini gördük. Dünya çempionatında da uğurlu çıxış etməyə çalışacağıq”.
Turan Daşdəmirov, Avropa çempionu:
“Finala qədər çətin görüşlər keçirdim. Ancaq finalda erməni rəqibimə rahat qalib gəldim. Çalışacağam ki, dünya çempionatına da yaxşı hazırlaşıb, həmin yarışda da qızıl medal qazanım”.
Ayxan Cavadov, Avropa çempionu:
“Yarış çox çətin keçdi. Üzərimizdə əziyyəti olan millinin məşqçilərə, həmçinin şəxsi məşqçimə təşəkkürümü bildirirəm. Keçirdiyim 5 görüşdən ən çətini Rusiya idmançısıyla qarşılaşma oldu. İnşallah, dünya çempionatında da bu nəticəni təkrarlayacağam. Finalda Ermənistan güləşçisiylə görüşün fasiləsində məşqçilər daha fəal güləşməyimi və qalib gələcəyimi söylədilər”.
Səid Paşayev, Avropa çempionu:
“Şükürlər olsun, çempion oldum. Məşqçilərimin, valideynlərimin və öz əziyyətimi yerdə qoymadım. İnşallah, dünya çempionatına da yaxşı hazırlaşıb, əla nəticə verərik. Güləşin hansı növündə daha yaxşı nəticə göstərsəm, o növdə də karyeramı davam etdirəcəyəm”.
Xatırladaq ki, AÇ-də Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev (92 kq) qızıl, Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov (110 kq) isə bürünc medal qazanıb.