İslam Abbasov: “Bu, mənim üçün doğum günü hədiyyəsi oldu"
- 21 Mar 2021 19:44
- 885
Yunan-Roma güləşində Azərbaycanın ilk olimpiya lisenziyasının sahibi İslam Abbasov oldu.
Rekord.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində 87 kq-da Olimpiadaya vəsiqə qazanan həmyerlimiz 1/8 finalda Daniel Aleksandrov (Bolqarıstan), 1/4 finalda Kristoffer Berq (İsveç), yarımfinalda isə Ramon Betşart (İsveçrə) üzərində qələbə qazandı.
3 gündən sonra 25 yaşı tamam olacaq güləşçimiz Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:
“Bu yarışa hazırlığımız Belarusda başladı. Minskdə 20 günlük təlim-məşq toplanışı keçdik. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Yarışa yaxşı hazırlaşdığımızı söyləyə bilərəm. Sevinirəm ki, Olimpiadaya lisenziya əldə edə bildim. Olimpiya Oyunlarında iştirak etmək və orada medal qazanmaq hər idmançının arzusudur. Bu, mənim üçün doğum günü hədiyyəsi oldu. Bu qələbəni ailəmə və bütün Azərbaycana həsr edirəm. Çünki bu lisenziyanı ölkəm adına qazanmışam. Mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm.
Əslində Olimpiya Oyunlarına daha çox vəsiqə qazana bilərdik. Uşaqlar lisenziyanın bir addımlığında dayandılar. Ancaq inanıram ki, mayda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində də lisenziyalarımız olacaq. Komanda yoldaşlarıma bu yolda uğurlar arzulayıram. Mənim bundan sonrakı hədəfim isə Olimpiadaya daha da yaxşı hazırlaşıb, Tokioda uğurlu çıxış etməkdir”.
Qeyd edək ki, Budapeştdə güləşçilərimiz ümumilikdə 3 lisenziya əldə edib. Bununla da Tokio Olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Olimpiya Oyunlarında sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacağıq.
Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.