23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığma B qrupundakı sonuncu - 3-cü sınağında Mərakeş seçməsi ilə üz-üzə gəlib.

"Konya Cumhuriyet" stadionunda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Samir Əliyevin baş məşqçi olduğu kollektivdən qolları 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqibdən isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrup 2-cisi kimi yarımfinala yüksəlib.

Yığmamız qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. İkinci qarşılaşamada isə İran seçməsi meydana çıxmadığından, Azərbaycana texniki qələbə verilib.