İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin, Azərbaycan Cüdo Federasiyasının, İsmayıllı Olimpiya İdman Kompleksinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının İsmayıllı rayon Komitəsinin birgə təşkilatçılığı ilə "12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü"nə həsr olunmuş cüdo idman növü üzrə regional turnir keçirildi.

Rekord.az xəbər verir ki, Dövlət Himnimizin sədaları altında turnir açıq elan edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi Bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin nümayəndəsi Mayıl Fərəcov, Azərbaycan Cüdo Federasiyasının Şimal - Qərb regionu üzrə nümayəndəsi Əkbər Şəfaqətov və məşqçi - müəllimlər Dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993 - cü ildə xalqın tələb və təkidi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycanda yeni dövrün başlanmasından, bütün sahələrə olduğu kimi idman sahəsinə də göstərilən diqqət və qayğıdan, və bu gün də bu qayğının Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən göstərilməsindən söz açdılar.Rəsmi hissə bitdikdən sonra yarışa start verildi.

 Turnirdə 18 çəki dərəcəsində 140 nəfər cüdoçu öz qüvvəsini sınayırdı.Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar bu yarışın təşkilatçıları tərəfindən diplom və medallarla mükafatlandırıldılar.