Dekabr ayının 5-də “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və  Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı Olimpiya  İdman Kompleksində  maarifləndirici  tədbir keçirilib. 

Rekord.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhruz Xələfov, Dağlıq Şirvan Regional Gənclər və İdman  İdarəsinin rəis müavini Fərhad Qurbanov, Rayon Polis şöbəsinin  məsul əməkdaşı Rahim Orucov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə əməkdaşı Aydın Səmədov, Cümə məscidinin imamı Röya Balayev, AQUDPK-nın Uşaq Səfirlər Məclisinin üzvü Mələk Hüseynli, məşqçilər, idmançılar  və b. iştirak ediblər.

Tədbirdə çıxış edənlər 16 günlük  fəallıq kampaniyasının  hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq  Mübarizə Günü) və 10 dekabr (Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü) tarixləri arasında beynəlxalq səviyyədə keçirildiyini xüsusilə vurğulayıblar. Kampaniyanın məqsədi qadınlara və qızlara qarşı törədilən zorakılıq hallarının azaldılması və qarşısının alınmasına cəmiyyətin diqqətini cəlb etmək  yönümündə tədbirlərin görülməsidir. 

Müzakirə şəklində davam edən tədbirdə gənclərin sualları cavablandırılıb, bukletlər paylanılıb.