İspaniya millisinin heyətində dünya və ikiqat Avropa çempionu olmuş Xesus Navas karyerasını başa vurub.


Rekord.az xəbər verir ki, "Sevilya"nın 39 yaşlı müdafiəçisi üçün La Liqanın 18-ci turunda "Real"la səfər matçı (2:4) sonuncu olub.


Təcrübəli futbolçu qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olub. O, daha əvvəl bud nahiyəsində ciddi problemlər yaşadığı üçün mövsümün ortasında karyerasını bitirmək məcburiyyətində qaldığını söyləmişdi.


Müdafiəçi İspaniya millisində meydana çıxdığı 56 oyunda 5 qolla yadda qalıb. Karyerası ərzində "Sevilya" və "Mançester Siti"nin formasını geyinmiş Navas bu komandaların heyətində ümumilikdə 672 oyun keçirib, 33 qol vurub.