İspaniyanın La Liqa və Sequnda klublarının futbolçuları bu gün koronavirusla bağlı testdən keçiblər.

Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, əsas liqanın 15 komandasının oyunçularından bazada analiz götürülüb.

Futbolçuların bazaya tibbi maska və qoruyucu əlcəklərlə getdiyi bildirilib. La Liqa rəhbərliyinin qərarına əsasən, testi neqativ çıxan futbolçulara məşqə başlamaq üçün icazə veriləcək.

Eyni vaxtda meydana ən çox 6 futbolçu, bazaya isə maksimum 12 nəfər daxil ola biləcək. Sosial məsafə qaydalarına əməl etməli olan futbolçular bazada deyil, evlərində duş qəbul edə biləcəklər.

15 gündə ərzində oyunçulardan üç dəfə analiz götürüləcək. Ardınca isə kollektiv məşqlərə icazə veriləcək.

Qeyd edək ki, La Liqanın oyunları martın 12-də dayandırılıb. Çempionatın iyun ayında bərpa olunması nəzərdə tutulub.

İspaniya Futbol Federasiyası La Liqa və Sequnda istisna olmaqla, 3 və 4-cü liqalarda mövsümü yekunlaşdırıb. Həmin yarışlarda sadəcə, pley-off oyunları keçiriləcək. Qadınlardan ibarət komandaların çempionatında da mövsüm erkən yekunlaşdırılıb, lider “Barselona” çempion elan olunub.