İspaniya Futbol Federasiyası La Liqa klublarının təmsilçiləri ilə iclas keçirib.

Rekord.az “Marca”ya istinadən xəbər verir ki, toplantıda koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpası mümkün olmayacağı təqdirdə, hansı komandaların avrokuboklarda iştirak edəcəyi müəyyənləşib.

İddiaya görə, cari mövsüm ləğv olunsa, UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasına (AL) vəsiqələr turnir cədvəlindəki hazırkı sıralamaya əsasən veriləcək.

Belə olan halda lider "Barselona", həmçinin "Real", "Sevilya" və "Real Sosyedad" ÇL-də, "Atletiko" və "Hetafe" isə AL-də iştirak hüququ qazanacaq. “Atletik”in də Avroliqada iştirakı ehtimalı var. Çünki bu klub “Real Sosyedad”la birgə ölkə kubokunun finalçısıdı.

Çempionun hansı üsulla elan olunacağı isə hələlik məlum deyil.

La Liqanın prezidenti Xavyer Tebas isə yerli mətbuta açıqlamasında əsas hədəflərinin çempionatı başa çatdırmaqdan ibarət olduğunu bəyan edib:

“Çempionatı ləğv etməyi müzakirə belə etmirik. Amma müxtəlif variantları nəzərdən keçiririk. Bütün imkanlardan yararlanmaq istəyirik. Futbolçuların məşqlərə başlamasını təmin etməyə, iqtisadi riskləri minimuma endirməyə çalışırıq. Çünki koronavirus yalnız sağlığımıza yox, həm də iqtisadiyyata ciddi təhlükədi”.