İspaniyaya gedən qapıçının atası: "Futbola oyunçu kimi gətirmişdim, qapıçı olmaq istədi" FOTOLAR
- 05 Sen 2024 14:00
- 365
Bu yaxınlarda "Sumqayıt" klubunun iki futbolçusu İspaniyaya yola düşüb. Bunlardan Tunar Mehdiyev qapıçı, Əli Əhmədov isə yarımmüdafiəçidir. Tunar 2009-cu il təvəllüddür. Boyu 180 sm, çəkisi 71 kq-dır. Əli isə 2008-ci il təvəllüddür. Onun boyu 168 sm, çəkisi 53 kq-dır. Tunar Azər Mehdiyevin çalışdırdığı "Sumqayıt"ın U-16, Əli isə Mehman Yunusovun çalışdırdığı U-17 komandasında forma geyinir. Hər iki futbolçumzu bir ay boyunca "Levante"nin düşərgəsində olacaq. Özlərini yaxşı tərəfdən göstərəcəkləri təqdirdə İspaniya klubunun onlarla müqavilə bağlanacağı gözlənilir. Bu futbolçulardan Tunarla bağlı bəzi maraqlı məqamları da sizinlə bölüşmək istərdik. Belə ki, onun formasını geyindiyi U-16 komandasının baş məşqçisi Azər Mehdiyev həm də Tunarın atasıdır. Azər müəllim, özü də vaxtı ilə futbolçu olub, "Sumqayıt", MOİK, "Şahdağ" kimi komandalarda forma geyinib. Hazırda isə məşqçi kimi çalışır. Maraqlıdır, özü yarımmüdafiəçi olsa da, oğlu qapıçı olmağı seçdi. Seçimin niyə bu cür olması və eləcə də oğlunun perspektivi haqda atanın özündən soruşduq.
Rekord.az-a açıqlama verən Mehdiyev bunları dedi: "Mən Tunarı futbola oyunçu kimi gətirmişdim. Bir müddət bu cür oynadı. Sonra bilidirdi ki, qapıçı olmaq istəyir. Mən də istəyinə qarşı çıxmadım. Hazırda da akademiyamızda U-16 komandasının üzvüdür. Eyni zamanda milli komandaya da dəvət alır. Düzdür, rəsmi oyunlarda oynamayıb, amma toplanışlara çağırılır. Həm 2009-ların, həm də 2008-lərin. Bu yaxınlarda U-15 millisinin toplanışı olacaq, görək, ora çağıracaqlar, ya yox. Çalışqan uşaqdı, öz üzərində işləyir, mən özüm də daim nəzarətdə saxlayıram ki, bütün diqqətini futbola yönəltsin. İnanıram ki, daha da artırıb, gələcəkdə ölkəmizin güclü qapıçılarından biri olmağı bacaracaq. İspaniya səfəri də bu baxımdan onun xeyirinə olacaq".