İsraf olunan benzin, günü hədər gedən sürücü
- 12 Avq 2024 13:00
- 267
Yeni mövsümün ilk turu hakimlik baxımından sakit keçincə sevindik, dedik ki, deyəsən Frank de Blekerin ayağı düşərli olub, daha hakimlərimiz ötən mövsümkü kimi səhvlər etməyəcək. Amma sevincimiz elə bir tur çəkdi və ikinci turda Tural Qurbanovun sayəsində siftə elədik. Dünən Tovuzda oynanılan "Turan Tovuz" - "Sumqayıt" matçını nəzərdə tuturam. Qarşılaşmanın 54-cü dəqiqəsində "Turan Tovuz"un futbolçusu Kristian da Silva rəqibin futbolçusu Cordan Rezabalaya qarşı açıq şəkildə kobud oynasa da, hakimin fiti susdu. Maraqlıdır ki, epizod düz Turalın gözü qarşısında baş verdi. Əgər bir hakim o cür aşkar epizdu görüb, adi qayda pozuntusu belə, qeydə alımırsa, deməli o adam ya qərəzlidir, ya da bacarığı budur və hakimlik etməməlidir. Nəzərə alsaq ki, həmin an "Turan Tovuz" azlıqda qalsaydı "Sumqayıt" 35 dəqiqə say üstünlüyünə malik olacaqdı ki, həmin vəziyyətdə nəinki hesabı bərabərləşdirmək, hətta qələbə qazanmaq da olardı. Lap deyək ki, "Sumqayıt" qol vurmazdı, "Turan Tovuz" 10 nəfərlə ikinci qolu vurardı. Məsələ bu deyil, məsələ hakimlərin bu epizodu qaçırması, yaxud, görməzdən gəlməsidir. "Hakimlərin" ona görə deyirəm ki, epizoda VAR-da oturanlar da müdaxilə etmədi. Onlar hara baxırdı, onlar niyə bu epizodu görməzdən gəldi, o da işin maraqlı olan digər tərəfidir.
Dünənki oyunun VAR hakimi Rəşad Əhmədov idi. Hansı ki, zaman-zaman haqqında daha çox müsbət fikirlər söyləyorol. Bəs o, hara baxırdı? O, niyə müdaxilə etmədi? Mümkün deyil ki, VAR hakimi bu cür açıq epizodu görməsin. Belə çıxır ki, VAR hakimi də ya epizodu görməyəcək dərəcədə qeyri-peşəkardı, ya da, görüb, sadəcə nəyəsə görə görməzdən gəlib. Hər iki hal Rəşad üçün də böyük nöqsandı. VAR tətbiq olunanda rahat olduq ki, kiminsə haqqı tapdalanmayacaq. Ən azı tapdalansa, VAR buna imkan verməyəcək. Lakin Tovuzdakı hadisə sübut etdi ki, VAR da boş şeydi. Yəni ortada insan faktoru varsa, qərarı VAR-da olsa belə, insan verirsə, bu cür sonucları görməyimiz də adi gəlməməlidir. İndi məsələ nədir?
Biz dünən gecə yarı Tovuzdan qayıdanda VAR maşınını da gördük, o da Tovuzdan qayıdırdı. Pəncərədən baxdım, sürücünün də sifərində bir yorğunluq var idi. Bir gün ərzində Tovuza gedib-qayıtmaq, 1000 km-ə yaxın məsafə qət etmək deməkdir. Bu boyda yolu maşın sürən insan həm gününü bir oyuna sərf edir, həm də ciddi şəkildə yorulur. Əgər VAR bu cür epizodlarda müdaxilə etməyəcəksə, bu boyda maşını burdan basa-basa Tovuza aparmağa nə ehtiyac var idi? Heç VAR olmazdı, sürücü də bazar günü oturub öz istirahətini edərdi. Hələ bu boyda yola sərf olunan yanacağı demirəm. Əgər Rəşad Əhmədov aşkar epizoda göz yumub müdaxilə etmirsə, deməli həm VAR maşınına görə, benzin sərf olunur, həm də sürücünün bir bazar günü hədər, boş yerə getmiş oldu...
Anar XANLAROV
Anar XANLAROV