İsrail UEFA-ya öz köməyini təklif etdi
- 19 Fev 2021 11:16
- 598
İsrail Futbol Assosiasiyası UEFA-ya öz köməyini təklif edib.
Rekord.az xəbər verir ki, qurum ölkənin 3 böyük stadionu - "Teddi", "Sammi Ofer" və "Blumfild"in AVRO-2020-nin oyunlarına, həmçinin Çempionlar Liqası və Avropa Liqasının matçlarına ev sahibliyi edə biləcəyini açıqlayıb.
Bildirilib ki, digər ölkələrdə məhdudiyyətlər və epidemioloji vəziyyət görüşlərin keçirilməsinə imkan verməyəcəyi halda, qarşılaşmalar sözügedən arenalara salına bilər.
UEFA prezidenti Aleksander Çeferin isə qeyd edib ki, AVRO-2020-nin 12 şəhərdə təşkili qurumun əsas vəzifəsi olaraq qalır:
"Mən nikbinəm və inanıram ki, turnirin startına yaxın dünyadakı vəziyyət bir qədər yaxşı olacaq. Matçlarda azarkeşlərin də iştirakı gözlənilir.
Amma yekun qərar apreldə veriləcək. Biz şəhərlərə və yerli hökumətlərə iyun və iyuldakı hadisələrin mənzərəsini formalaşdırmaq üçün mümkün qədər çox vaxt vermək istəyirik".
2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.