İstənilən sahədə inkişafın əsas şərti düzgün və şəffaf fəaliyyətdir. Bəli, müəyyən məqamlarda güzəştlər oluna bilər. Xüsusilə hansısa məsələdə mənəvi əhəmiyyətli məqamlar olarsa, onu keçmək olar. Amma ortada heç bir mənəvi, həssas məqam yoxdursa, idman prinsipləri, futbol qaydaları mütləq sürətdə əsas götürülməli və əməl edilməlidir. Təəssüf ki, bizim futbolda kifayət qədər məqamlar olub ki, reqlament də tapdalanıb, çempionatın təşkili ilə bağlı qaydalar da pozulub. Məsələn, əsasnaməyə görə, bir komanda bir mövsümdə ev sahibi kimi iki stadionun adını PFL-ə təqdim edə bilər və heç bir fors-major hal olmadığı təqdirdə yalnlız bu iki stadionda rəqiblərini qəbul edə bilər. Amma bizdə elə olub ki, bir komanda bir mövsümdə nəinki 2, hətta 3, 4 stadionda da ev sahibi kimi qonaq qəbul edib. Bundan başqa, pandemiya vaxtı qəbuil edilən qaydalara görə, cəzalı futbolçu stadiona buraxılmalı olmadığı halda, bizdə həmin futbolçular nəinki stadiona buraxılıb, hətta tribunadan öz komandalarına azarkeşlik də ediblər.

 

Daha bir xüsusi məqam da stadionlarla bağlıdır. Hazırda Azərbaycanda qazonları istismar müddətini başa vurmuş stadionlar var, hansı ki, orada hələ də oyunlar keçirilir. Halbuki həmin stadionlarda çempionat oyunlarının keçirilməməsinə icazə verilməməlidir. Təəssüf ki, bizdə stadionları təftiş edən qurumlar bilə-bilə qanunları tapdalayıb yararsız stadionlarla bağlı müsbət rəylər verirlər.

 

 

Premyer Liqadan başlasaq, götürək elə “Keşlə”nin ev oyunlarını keçirdiyi “ASK Arena”nı. Bu arenanın süni örtüyü 2012-ci ildə, hələ “İnter”in var olduğu dönəmdə dəyişdirildi. Azərbaycandakı bu tip qazonların istismar müddəti isə 5 il götürülür. Bu isə o deməkdir ki, Keşlədəki stadionun istismar müddəti 2017-ci ildə başa çatıb. Lakin 2021-ci ilin yarısına gəlsək də, bu stadionda oyunlar keçirilir.

 

İstismar müddətini başa vurmuş daha bir stadion isə Bayıldakı “Bayıl Arena”dır. Bu stadionun hazırkı qazonu isə 2014-cü ildə istifadəyə verilib. Yəni 7 il bundan qabaq. Demək ki, 2019-cu ildə “Bayıl Arena”nın da istismar müddəti başa çatıb vəı qazon yenilənməli idi. Lakin hər il milyonlarla vəsaiti boş yerə havaya sovuran AFFA nədənsə Bayıldakı stadionun qazonu haqda düşünmək belə istəmir. Əvəzində hər mövsüm burada oyunların keçirilməsinə icazə verir.

 

I Divizionda çıxış edən “Turan Tovuz” və “Zaqatala”nın ev oyunlarını keçirdiyi stadionlarda da vəziyyət eynidir. Zaqataladakı və Tovuzdakı stadionların qazonları 2013-cü ildə dəyişdirilib. 6 aydan sonra 9 il olacaq. İstismar müddəti 5 illik olan qazonda 9 il yarış keçirmək icazəsini kim verirsə, bunlar futbolun və futbolçunun dostu ola bilməz. Süni örtük onsuz da insan sağlamlığına ciddi zərərdi və bəzi kiçik istisnaları saymasaq, Avropa çoxdan bundan imtina edib. Amma bizdə hələ də futbolçuların həyatını təhlükəyə atmaqda davam edirlər. İstismar müddətini başa vuraraq yararsız hala düşən qazonun hər saniyəsi futbolçu həyatı üçün təhlükədir. “Azal Arena”nın durumunu yəqin ki, çoxları unutmayıb. O arenanın bərbad qazonunda az futbolçu zədələnmədi. Özü də ciddi zədələr. İndi eyni proseslər yuxarıda adları çəkilən stadionlarda getməkdədir. UEFA-dan aldığı pulu cibə qoyub əvvəldən mövcud olan ikimərtəbəli inzibatı binaya kosmetik əl gəzdirməklə və onu akademiya kimi camaata sırımaqla deyil. O pulu verib Tovuz stadionunun qazonunu dəyişmək olmazdı? Amma görünür futbolun inkişafı, futbolçuların sağlamlığı AFFA-dan oturanlar üçün maraqlı deyil.

 

Anar XANLAROV