İstismar müddəti bitmiş Tovuz stadionu hansı əsasla lisenziya alır?
- 10 Mar 2021 15:00
- 786
AFFA-nın "ağıllı" və "müdrik" siyasəti nəticəsində 2013-cü ildə Tovuzdakı gül kimi stadionun təbii qazonunu dağıdıb yerinə süni örtük, rezin döşədilər. Hansı ki, bu rezinlərin istismar müddəti 5 illikdir. 5 ildən sonra istismar müddəti bitir, süni örtük get-gedə keyfiyyətini itirir, futbolçuların bu cür meydançalarda zədə almaq riski artır. Yəqin yadınızdadır, bir vaxtlar "Azal Arena"nın bərbad örtüyündə nə qədər futbolçu ciddi zədələr almışdı. Bir sözlə, istismar müddəti bitmiş meydançalar futbolçuların həyatı, karyerası üçün böyük təhlükədir. O cümlədən də Tovuz stadionu.
Qeyd etdiyimiz kimi, Tovuzdakı hazırkı süni örtük 2013-cü ilin avqustunda istismara verilib. Bu gün isə 2021-ci ili yaşayırıq. Yəni Tovuz stadionunun istifadəyə verilməsindən 8 il ötür. Halbuki, yuxarıda da vurğuladığımız kimi, bu tip örtüklərin istismar müddəti 5 illikdir. Deməli, Tovuzdakı qazonun istismar dövrü 3 ildir ki, başa çatıb. Yəni 3 ildir ki, orada keçirilən oyunlar qaydalara ziddi şəkildə keçirilir. İstismar müddəti 3 ildir bitmiş qazona lisenziya verən AFFA isə ayrıca olaraq, qanunsuzluq edir. Başqa vaxt Azərbaycan futbolunun inkişafı üçün çalışdıqlarını deyən federasiya rəhbərliyi görəsən bu tip məsələləri niyə arxa plana atır? Bilə-bilə ki, Tovuz stadionunda futbol oynamaq get-gedə təhlükəli həddə çatır, futbolçuların ciddi zədə almaq ehtimalı artır, niyə bu işə rəvac verir? Köhnə binaları və meydançaları xala xətrin qalmasın düzüb-qoşub ictimaiyyətə yeni tikilmiş akademiya kimi təqdim edən AFFA rəhbərliyi, 8 ildir istismar olunan stadionun qazonunu niyə dəyişmir? İstismar müddəti bitmiş qazona niyə lisenziya verir? Hər il futbol adına dövlətdən ayrılan milyonlar hara gedir ki, federasiya bir qazonu yeniləmək üçün 300-400 min manat tapa bilmir?
Anar XANLAROV