İtaliyanın “Kalyari” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Fabio Pizakane uzun müddətə sıradan çıxıb.

O, 27-ci tur çərçivəsində qarşılaşdıqları SPAL-la səfər oyununda ağır zədə alıb. Start heyətdə meydana çıxan təcrübəli futbolçu 72-ci dəqiqədə bu zədə səbəbindən oyunu davam etdirə bilməyib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tibbi müayinələr nəticəsində 34 yaşlı mərkəz müdafiəçisinin iki qabırğasının sındığı müəyyənləşib. Artıq Pizakaneyə məcburi istirahət verilib və onun müalicəsinə başlanılıb. Amma futbolçunun dəqiq nə vaxt yaşıl meydanlara dönəcəyi açıqlanmır.