İtaliyanın idman naziri Vinçenso Spadafora A Seriyasında 2019/20 mövsümünün bərpa olunması ehtimalından danışıb.

Rekord.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında mövsümün bərpası ehtimalının çox azaldığını söyləyib:

“A Seriyasının bərpasına dair yolun daraldığını görürəm. Mövsümün qaldığı yerdən davamı ehtimalı çox azdı. A Seriyası rəhbərliyinin növbəti iclasında sürpriz ola biləcəyini düşünürəm. Klubların böyük bir qismi bu mövsümü birdəfəlik dayandırmağımızı və növbəti çempionata ən yaxşı şəkildə hazırlaşmağımızı istəyə bilər. Bu mövsümün bərpası üçün hökumətə təzyiq göstərməyin faydasız olduğunu düşünürəm. Mayın 18-də məşqlərin, iyunun 15-dən etibarən isə çempionat oyunlarının bərpa olunmasına dair ehtimallar var. Amma bunların nə dərəcədə mümkün olduğunu anlamaq üçün hələ bir qədər də gözləməliyik. İndidən dəqiq olan bir məqam var ki, o da oyunların istənilən halda azarkeşsiz keçiriləcəyidi”.

Qeyd edək ki, İtaliyada iki aydan bir qədər artıq müddət ərzində 27 mindən çox insan koronavirusun qurbanı olub. Amma son dövrlər yoluxma və ölüm sayının azalması futbol ictimaiyyətinin ölkə rəhbərliyinə təzyiqini çoxaldıb. Xüsusilə bəzi klublar və onların azarkeşləri mövsümün bərpasını tələb edirlər.