1990-cı il, İtaliya, futbol üzrə dünya çempionatı. Bu turnirdə bütün İtaliya öz sevimlilərindən qələbə gözləyir. Heyətdə də kifayət qədər ulduz futbolçular var. Roberto Donadoni, Roberto Baccio, Roberto Mançini, Massaro, Franko Barezi, Karnavale və ən əsası, qapıda Valter Zenqa. İtaliya millisi yarımfinala kimi çox uğurla irəlilədi. Burada isə onların qarşısına son dünya çempionu Argentina millisi çıxır. Hansı ki, heyətində əfsanəvi Maradona oynayır. O Maradona ki, “Napoli”nin İtaliya çempionluğunu qazanmasında böyük pay sahibi olduğu üçün az qala bütün Neapol bölgəsinin sevimlisinə çevrilmişdi. Lakin həmin vaxt tale fanatları ilə sevimli futbolçusunu üz-üzə qoyur. Özü də məhz Neapolda. Həmin vaxt ilk dəfə “Napoli” tərəfdarları Maradonanın qol vuramamasını arzulayır. Düzdür, Maradona qol vurmadı. Lakin 1:1 başa çatan matçın əvvəl əlavə vaxta, daha sonra isə oyunsonrası penaltilərə qədər uzanması yekunda argentinalıların qələbəsi ilə başa çatır və Maradona Napoli stadionunu sevinclə tərk etsə də, “Napoli” azarkeşlərini kədərə qərq edir. Bununla da İtaliya finala vəsiqə qazana bilmir. Amma bütün bunlara baxmayaraq, bəzi futbolçular azarkeşlər tərəfindən alqış qazandı. Həmin futbolçulardan biri də öz xüsusi, kare saç düzümü ilə diqqət çəkən qapıçı Zenqa olur. Onu xüsusiləşdirən təkcə saç düzüm deyildi. Futbolçu eyni zamanda bütün oyunlarda saqqız çeynəməsi və boynundan asdığı qızıl seplə də diqqət mərkəzinə düşmüşdü. (O vaxt indiki kimi, hakimlər matçdan öncə futbolçuların qollarını və boyunlarını yoxlayaraq qızıl əşyalarını çıxarmağı tələb etmirdi). Əslində Valterin alqışlanması da tam normal qəbul edilməli idi. Çünki o, turnir boyu bir dəfə də olsun kobud səhvə yol verməmişdi. Belə demək mümkünsə, komandasının bütün oyunlarında əvvəlldən axıra kimi çərçivədə olan qəhrəmanımız etibarlı oyunu ilə ona bəslənən ümidləri doğrultdu. Hətta yarımfinal matçında üzərinə düşən əsas işin öhdəsindən gəldi və Maradonanın qol vurmasına imkan vermədi. Düzdür, Zenqa rəqib həmkarı Qoykoçeadan fərqli olaraq, oyunsonrası penaltilərdən heç birini dəfe də bilmədi. Bununla belə, buna görə heç kim qapıçını tənqid atəşinə tutmadı. Bəs Zenqa kimdir və futbol karyerası necə olub? Bu suala cavab tapmaq istəyirsinizsə, onunla bağlı indi sizə təqim edəcəyimiz yazını oxumağınız məsləhətdir.

 Valter Zenqa 1960-cı il aprelin 28-də İtaliyanın Milan şəhərində anadan olub. Atası Alfonso, anası isə Maria olub. Zenqa futbol oynamağa “Makallese”də başlayıb.  10 yaşında isə artıq “İnter”ə keçib. Onu şəxsən həmin yaş qrupunun baş məşqçisi Qalbyati görüb bəyənmiş və komandasına dəvət etmişdi. O, burada müxtəlif turnirlərdə çıxış edərək özünü yaxşı tərəfdən göstərməyə başladı. Eyni zamanda əsas komandanın oyunları zamanı topdaşıyan funksiyasını yerinə yetirərək, o zaman “İnter”in qapısını qoruyan İvano Bordonu da yaxından görmək xoşbəxtliyinə nəsib oldu. 1978-ci ildə isə “İnter” onu S seriyasında çıxış edən “Salerentina”ya icarəyə verdi. Bununla da qəhrəmanımızın peşəkar karyerası başlandı. Lakin ilk illər heç də uğurlu olmadı. Belə ki, o, “Salerentina”da cəmi 3 oyunda meydançaya çıxdı və bu oyunların birində komanda məhz Zenqanın kobud səhvi nəticəsində “Kampobassi”yə uduzdu. Bunun nəticəsində “Salerenta” qəhrəmanımızdan imtina elədi və o, öncə “Savona”ya, daha sonra isə “Sanbenedetteze”yə keçdi. Burada isə hər şey əksinə, yaxşı oldu və hətta sonuncu komandanın B seriyasına qədər yüksəlməsində Valterin böyük əməyi oldu.  1982-ci ildə Zenqa yenidən “İnter”ə qayıdır. Bu zaman klubun idman direktoru Massole ilə prezident Fraissoli 22 yaşlı qapışıya böyük dəstək göstərib onu komandada saxlayırlar. Nəhayət, xoşbəxt an gəlib çatır və Zenqa “İnter”in əsas komandasının heyətində debüt edir, ard-arda 5 oyunda forma geyinir. Lakin həmin oyunlar İtalıiya kubokuna təsadüf edir. A seriyadakı debüt isə 1983-cü ilin 11 sentyabrında baş tutur. Belə ki, “Sampdoriya” ilə oyunda baş məşqçisi çərçivəni Valterə tapşırır.  Bununla da Zenqa “İnter”in yeni simasına çevrilir və 1994-cü ilə qədər bu klubun şərəfini qoruyur. Nə qədər qəribə olsa da bu müddətdə o, cəmi 1 dəfə İtaliya çempionu ola bilib. Bu 1989-cu ilə təsadüf edib. Ümumiyyətlə, “İnter”də oynadığı 12 il ərzində Valterin elə də böyük mükafatılar kolleksiyası olmayıb. Karesaç oğlan 1990-cı ildə İtaliya Superkubokunu, 1994-cü ildə isə UEFA kubokunu qazanır. 1994-cü ildə isə Zenqanın “İnter”li günləri bitir. Belə ki, həmin vaxt sonradan İtaliya futbolunun daha bir tanınmış qapıçısına çevriləcək gənc Canluke Palyuka artıq yetişməkdə idi. Hər halda 1994-cü ildə Valterin  34 yaşı var idi. Bu mənada baş məşqçinin gənc Palyukaya şans verməsi başadüşülən idi. Beləliklə, “Samdoriya”ya keçən qəhrəmanımız orada 41 oyunda çərçivəni qoruyur.  1996-cı ildə isə “Padova”ya keçir. Daha bir mövsüm də burada dayandıqdan sonra əksər ulduz futbolçular kimi karyerasının sonluğunu okeanın o tayında keçirmək üçün ABŞ-a yollanır və “Nyu İnqland Revolysu” klubu ilə müqavilə bağlayır. Burada bir müddət də oynayan məşqçi işlədikdən sonra karyerasını rəsmən başa vurur.

Zenqanın milli karyerasına gəlincə, onun ölkə yığmasındakı debütü 1986-cı ildə Yunanıstana qarşı keçirilən yoldaşlıq matçı olur. Ona qədər isə artıq İtaliya U-21-ndə çıxış etmiş, hətta 1984-cü il Los-Angeles olimpiadasında Kosta-Rikaya qarşı oyunda forma geyinmişdi. 1986-cı ildə isə qəhrəmanımız 3-cü qapıçı kimi Meksikada keçirilən dünya çempionatına gedəcək heyətə daxil edilir. Düzdür, həmin çempionatda 1 dəfə də olsun meydançaya çıxmaq şansı qazanmır. Ancaq əfsanəvi Dino Zoofdan öyrəndikləri 1988-ci il Avropa və 1990-cı il dünya çempionatlarında ona çox kömək edir. Qəhrəmanımız dünya futbol tarixnə rekordçu kimi düşməyi də bacarıb. Belə ki, o, dünya çempionatının final mərhələsində ən uzun qolsuz seriyaya malik qapıçıdır-518 dəqiqə. Zenqa 1990-cı il dünya çempionatında ard-arda 5 oyun qapısını toxunulmaz saxlamağı da bacarmışdı. Ümumiyyətlə isə, əfsanəvi qapıçının ən uzun seriyası İtaliya çempionatında olub-981 dəqiqə. Zenqa 1989-cu ilin 14 oktyabrından 1990-cı ilin 3 iyuluna qədər 1 dəfə də olsun qapısında qol görməyib.  

 Zenqanın məşqçilik karyerasının da pis alındığını demək olmaz. Belə ki, o, 2005-ci ildə “Styaua”ya Rumıniya çempionluğunu qazandırır. 2006-cı ildə isə eyni uğura Serbiya və Çernaqoriyada imza atır və “Srvena Zvezda”ya çempionluq sevinci yaşadır. Eyni ildə bu komanda ilə həmçinin ölkə Superkubokunu da qazanır. Lakin sonradan işlər düz gətirmir. Belə ki, “Qazientepspor”a böyük ümidlərlə gətirilən əfsanə burada ümidləri doğrultmur. 17 oyunda qeydə alınan 5 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət klub rəhbərliyini qane etmir və italiyanla yollar ayrılır. Sonra isə Rumıniya, İtaliya, Səudiyyə Ərəbistanı kimi ölkələrdə işləsə də ciddi uğura imza ata bilmir. 2011-ci ildən isə Küveytin “Əl Nəsr” klubuna başçılıq edir və burada da uğursuz olur. 2015-c ilin iyununda İtaliyaya qayıdır, “Sampdoriya” ilə müqavilə bağlayır. Lakin elə həmin ilin noyabrında uğursuz nəticələrə görə qovulur. Ondan sonra “Krotone”, “Venesiya”, “Verona”, “Kalyari” kimi klubları çalışdırsa da, heç birində uğur qazana bilmir və hamısından göndərilir. 2020-ci ilin avqstundan işsizdir.

 

Qısa dosye

 

Adı: Valter

Soyadı: Zenqa

Doğum tarixi: 28.04.1960

Doğum yeri: Milan İtaliya

Vətəndaşlığı: İtaliya, Rumıniya

Boyu: 188 sm

Çəkisi: 88 kq.

Ampluası: Qapıçı

 

Futbolçu karyerası:

 

1977-78 “İnter” (gənclər komandası)

1978-79 “Salerentina”                                     3 (-6)

1979-80 “Savona”                                           23 (-19)

1980-82 “Sanbenedetteze”                             67 (-45)

1982-1994 “İnter” (əsas komanda)                 328 (-294)

1994-96 “Sampdoriya”                                   41 (-43)

1996-97 “Padova”                                          21 (-20)

1997-99 “Nyu İngland Revolysu” (ABŞ)      47 (-73)

 

Milli karyerası:

 

1984-86 İtaliya U-21 15 (-15)

1985-92 İtaliya əsas yığma 58 (-21)

 

Məşqçilik karyerası:

 

1998-99 “Nyu İnqland Revolysu” (oynayan məşqçi)

2000-01 “Brera”

2002-03 “Nasional” (Rumıniya)

2004-05 “Styaua” (Rumıniya)

2005-06 “Srvena Zvezda” (Serbiya)

2006 “Qazientepspor” (Türkiyə)

2007 “Əl Əyn” (Küveyt)

2007 “Dinamo” (Buxaretst, Rumıniya)

2008-09 “Katanya”

2009 “Palermo”

2010 “Əl Nəsr” (Səudiyyə Ərəbistanı)

2011-ci ildən “Əl Nəsr”İn baş məşqçisi postunda çalışır

 

Şəxsi uğurları

 

Futbolçu kimi 1988-ci il Avropa çempionatının bürünc, 1990-cı il dünya çempionatının gümüş medallarını qazanıb.

1989, 90, 91-ci illərdə İtaliyanın ən yaxşı qapıçısı seçilib. 1990-cı ildə həm dünyanın, həm də Avropanın  ən yaxşı qapıçısı adına layiq görülüb.