İvan, idi domoy, treniruysya!
- 20 Fev 2022 13:05
- 1028
Pekində keçirilən 2022-ci il Qış Olimpiya Oyunları başa çatdı. Rusiya kimi nəhəng dövlət medal sayında 2-ci, ancaq ümumi sıralamada 9-cu yeri tutdu! 9-cu! Ölkənin az qala yarıdan çoxunda ilboyu qışdı, ətraf buz-buzlaqdı, bu boyda qış idmanı ənənələri var, az qala hər növdə dünyaya meydan oxuyur, hegemonluq edirlər, ancaq bunun müqabilində qazanılan cəmi 6 qızıl medal var və bu, sadəcə fiaskodu.
Şimal qonşularımızdan daha çox qızıl qazananlar arasında "kiçiklərdən" Niderland, Avstriya, İsveç, İsveçrə var. Çempion isə 16 qızıl, toplam 37 medalla Norveç oldu. Onlar ötən Oyunlarda da birinci olmuşdular və bu, artıq qanunauyğunluğa çevrilir.
Rusların bu məğlubiyyəti haqqında uzun-uzadı müzakirələr aparmaq olar, ancaq bunlardan ən əsası dopinq siyasətinin doğru aparılmaması dı. Daha doğru desək, dopinq və onun siyasətin doğru aparılmaması. Yüksək nəticələr idmanı qadağan olunmuş maddələr, onlardan doğru istifadə üzərində qurulub. Rusların isə qadağan olunmuş maddələr üzrə "yüksək ixtisas"a malik olduqlarına şübhə yoxdu, bunu idmanın bilavasitə içində olan hər kəs yaxşı bilir. Amma digərləri də mələk deyillər. Mənə heç kim sübut edə bilməz ki, məsələn, Norveçin qazandığı 16 medalın hamısı "təmiz"di. Təbii ki elə deyil. Elə xizəkçilərin astma dərmanı bəhanələri altında çox şey durur. Çində də, ABŞ-da da, Almaniyada da, Fransada da eyni durumdu. Hamı dopinq qəbul edir: biri az, digəri çox, bir başqası "müəyyən qədər". Sadəcə kimsə "tutulur", kimsə yox. Məhz belə məqamlarda önə çıxan əsas məhfum siyasət olur. İdman siyasəti yox, məhz sadə siyasət. Olimpiada dövlətlərin dünya qarşısında simvolik bir iş hesabatıdı. Ölkə yetişdirməklə bərabər öz idmançısının, idmanının arxasında durmağı, onu qorumağı bacarmalıdı. Bacarmırsa, zəifdi: idmanda da, idman siyasətində də, siyasətdə də. Amerikanların dopinqi nahar vaxtı az qala yemək əvəzinə yediklərini sübut olunmuş kimi bir şeydi. Ancaq nə olursa-olsun, son anda müdaxilə etməklə də olsa, ABŞ müəyyən istisnalarla özününkülərə mütləq sahib çıxır. Boş, reallığa, məntiqə söykənməyən, normal, ağlı başında olan adamın inanmayacağı bəhanələri həqiqət kimi ictimaiyyətə qəbul etməyə bacarırlar. Çünki güclüdülər. Əllərində böyük rıçaqlar var və lazım olanda onları işə salıb istəklərinə nail ola bilirlər. Bəli, təbii ki, əla atletləri, həqiqi döyüşçüləri var, amma onları meydanda tək qoysan, yüz faiz "qurd-quş"a yem olacaqlar. Çin də bunu anlayıb, Avropa Birliyi də. Ona görə də ortaya çıxan tablo belədi.
Çox təəssüf ki, idman siyasətə qurban gedib. Bunu qəbul etməli, məsələlərə fərqli baxış bucağı ilə baxmağı öyrənməliyik. Rusiya isə...
Rusiya vəhşidi. Yuxarıda da qeyd etdim ki, digər ölkələr də təmiz mübarizə aparmır, ancaq Rusiya ayrı söhbətin mövzusudu. Rusiya şübhəsiz aqressordu və bu imperialist düşüncənin fəsadları mütəmadi olaraq özünü göstərir. Bir az qəribə sələnəcək, ancaq "günahları başlarına gəlir" ifadəsi ruslara çox uyğun gəlməyə başlayıb. Dahi yazıçılar, alimlər, incəsənət xadimləri, elə idmançılar da yetişdirmiş dövlət bu gün planetin istənilən nöqtəsində məhz silahı, işğalçı baxışı ilə ağla gəlir. Gedib, məsələn, Ekvadorda bir şəhərdə orta statistik vətəndaşdan "Rusiya deyəndə ağlınıza nə gəlir" soruşsaz, "Vodka, Putin, bomba" deyəcək. Çox təəssüf ki, belədi.
Ruslar oturub papaqlarını qarşılarına qoyub düşünməlidilər. Düşünməlidilər ki, durum niyə belədi? Bəlkə ölkə, dövlət, hökümət olaraq səhvə yol verirlər. Bəlkə bütün dünyaya saçdıqları dəhşət və qorxunu ikinci plana atmalı, bütün dünyaya tuşladıqları tüfəngi insanlara yox, biatlondakı yarış taxtalarına tərəf yönəltməlidilər? Bəlkə siyasət meydanlarında yox, buz üzərində konki ilə rəqs etmək daha doğrudu? Bəlkə alimlərini silah yox, idmanın elmi əsaslarını inkişaf etdirməyə yönəltməli, daha təbii vasitələrlə və daha yaxşı fiziki hazırlıqla zirvələr fəth etməyin mümkünlüyünü qəbul etməli, anlamalıdılar? Bəlkə dünyanın dörd bir tərəfində onlarla ölkəyə göndərdiyi muzdlu əsgərləri daha yaxşı işlərə, məsələn elə həmin idmana yönəltmələri, Qarabağda, Abxaziyada, Prednistrovyedə, Donbassda, Suriyada, Afrikada yox, öz evlərində məşq etmələri daha doğru yoldu? Bəlkə səhvlərdən nəticə çıxarmaq, düşünmək, sülhə yönəlmək vaxtıdı, doroqoy tovarişlər?
Kənan Məstəliyev