IWF prezidenti Bakıda ağırlıqqaldırma infrastrukturu ilə tanış olub
- 12 May 2024 09:33
- 721
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) dəvəti ilə Bakıya gələn Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludun ölkəmizə səfəri davam edir. O, may ayının 12-də AAF prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudovla birlikdə ASK Arenaya baş çəkib. Məhəmməd Calud burada əvvəlcə ağırlıqqaldırma üzrə yığma komandaların dayaq bazasında yaradılan şəraitlə tanış olub. Zala gələrək yığma komandanın məşqini izləyən IWF prezidenti, gördüklərindən razılığını bildirib, idmançı və məşqçi heyətinə gələcək yarışlarda uğurlar diləyib. O, yeniyetmə və azərbaycanlı gənc idmançılar arasında potensiallı atletləri gördüyünü və onların böyük qələbələrinə şahidlik edəcəklərinə əminliyini bildirib. Səmimi keçən söhbət zamanı ağırlıqqaldıranlar da ona təşəkkür edib, bu görüşün onlara böyük mənəvi dəstək olacağını qeyd ediblər. Sonda xatirə şəkli çəkdirilib.
Daha sonra Məhəmməd Calud ASK Arenada yerləşən mehmanxana və orada idmançı və məşqçi heyətinin qalması, eyni zamanda tədris şəraitini gözdən keçirib. Ona məlumat verilib ki, burada təlim-məşq toplanışı, müxtəlif mütəxəssislər üçün kurslar və seminarlar təşkili üçün lazımi imkanlar yaradılıb. Qidalanma, istirahət, bərpa üçün bütün şərait qurulub, fəal istifadə edilir. Nəinki Avropa, hətta dünyada belə çox az sayda ölkədə ağırlıqqaldırma üçün bu cür şəraitin yaradıldığını deyən IWF prezidenti, bu məkanın beynəlxalq elmi-tədris fəaliyyətlərinin həyata keçirilməsi üçün ideal məkan olduğunu qeyd edib.
Məhəmməd Calud Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində də olub. Burada da ona yarış və məşq zalları, dərs, təlim, istirahət və yataq otaqları göstərilib, idman qurğusunun bütün imkanları barədə geniş məlumat verilib. Qonağa bildirilib ki, burada mütəmadi olaraq ölkədaxili yarışlar təşkil olunur, yığma komandalar təlim-məşq toplanışları üçün məhz buranı seçirlər. Məhəmməd Calud bildirib ki, Azərbaycan ağırlıqqaldırmasının böyük gələcəyi var və məhz bu cür zallar, buradakı şərait buna xüsusi müsbət təkan verə biləcək. IWF prezidenti AAF-ın ölkəmizdə böyük ənənəsi olan bu idman növünə doğru münasibətin, qurduqları doğru strategiyanın həqiqətən alqışlanası səviyyədə olduğunu və uğurların özünü gözlətməyəcəyinə inamını ifadə edib.