Jalə Əliyeva üçün DÇ-də bürünc medal şansı
- 14 Sen 2022 21:51
- 480
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın beşinci günündə qadınlardan ibarət millinin son 2 üzvü mübarizəyə qoşulub.
Jalə Əliyeva (57 kq) 1/8 finalda braziliyalı Culiye De Oliveyrayla dramatik görüş keçirib. Hesabda 0:9 geridə olsa da, güləşçimiz möhtəşəm əzmkarlıq nümayiş etdirib. Rəqibinə sona 2 saniyə qalmış “tuş”la qalib gələn həmyerlimiz 1/4 finalda tanış rəqiblə qarşılaşıb. İslam Həmrəyliyi Oyunlarının finalında məğlub etdiyi nigeriyalı Ester Kolavoleylə üz-üzə gələn Əliyeva növbəti dəfə son saniyələrdə əzmkar qələbəyə sevinib – 14:13. Ancaq Jalənin finala yolunu yaponiyalı dünya çempionu Tsuqumi Sakuray (0:10) bağlayıb. Əliyeva bürünc medal uğrunda Evelina Nikolova (Bolqarıstan) – Alina Akobya (Ukrayna) görüşünün qalibiylə qarşılaşacaq.
Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) isə gənclər arasında son dünya çempionu Sakura Motoki (Yaponiya) ilə bacarmayıb – 0:6.
Bu çəkilərdə medal görüşləri sentyabrın 15-də keçiriləcək və Bakı vaxtı ilə 20:00-da başlayacaq.