Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində cavab matçı öncəsində “Qarabağ” müsbət xəbər eşidib. “Rekord.az”-ın məlumatına görə, Zaqreb “Dinamo”su ilə ilk matçda sarı vərəqə alan Julio Romao həmin vərəqələrin sayını 3-ə çatdırmışdı. Qaydalara əsasən, o, cavab matçını buraxmalı idi. 

Ancaq UEFA Çempionlar Liqasının yeni mövsümünün əsasnaməsinin “Sarı və qırmızı vərəqələr” adlı 63-cü maddəsinin “a” bəndinə əsasən Romao cavab matçına çıxmaq şansı qazanıb. Orada “istisna hal olaraq, bir oyunçunun klubun siyahısında qeydiyyata alındığı və oynamaq hüququ olduğu UEFA klub yarışlarında (məsələn, UEFA Çempionlar Liqası və/yaxud UEFA Avropa Liqası və/və ya UEFA Konfrans Liqası) hər iki tur başa çatdıqdan sonra, təkrar xəbərdarlıq dayandırılması (yəni, qırmızı vərəqə - red.) ilə nəticələnməyibsə, oyunçunun aldığı xəbərdarlıqlardan biri azaldılır” cümləsi qeyd olunub. 

Bu isə o deməkdir ki, Romao cavab matçında oynaya biləcək. Məlumatı “Qarabağ” tərəfi də “Rekord.az”-ın sorğusuna cavab olaraq təsdiqləyib.