Juninyo və "Qarabağ" seçim qarşısında
- 19 Dek 2024 12:38
- 166
Juninyo getsin, getməsin? Sual budu.
Gedəcək. Bu qış olmasa da, yayda mütləq gedəcək. Onun fikri artıq burda deyil, şans düşən kimi Azərbaycanı tərk etmək istəyir. Bu da normaldı. Ona görə yox ki, burda ona münasibət pisdi, burdakı həyatında çətinliklər var. Sadəcə, "Sevilya", yaxud ona səviyyəcə yaxın bir klubda oynamaq şansı varkən "Qarabağ"da qalmaq məntiqsiz qərar kimi görünür. İspaniyada həm daha çox pul qazanacaq, həm daha yaxşı yerdə yaşayacaq, həm də daha yüksək keyfiyyətli çempionatda top qovub, daha yaxşı perspektiv əldə edəcək. Kim olsa, eyni addımı atar.
Burası aydındı. Futbolçunun getmək istəyi normaldı, bəs klubu kim düşünəcək? Əvvəldə də qeyd etdik ki, braziliyalıya burda ən yaxşı münasibət göstərilib, hazırda davam edən uğursuz dönəmdə də maksimum dəstək verilir. Juninyo azarkeşlərin sevimlisidi, onu ölkədəki bütün hücumçulara nümunə göstərirlər, komandanın, klubun ulduzudu, hamının diqqət mərkəzində olan fiqurdu. Yəni burdakı həyatından şikayət etməyə haqqı yoxdu. Üstəlik, Juninyonu Juninyo edən məhz "Qarabağ"dı. O məhz burda tanınıb, burda avrokuboklarda davamlı oynamaq şansı qazanıb, məhz burda Avropanın gözü önünə çıxmağı bacarıb. Təbii ki, bunu öz istedadı və əməyi hesabına əldə edib, amma şansı "Qarabağ" verib. O istedad əvvəlki klubunda da vardı. Ancaq Juninyonun Avropa səviyyəli hücumçu olmasında müstəsna rol məhz "Qarabağ"ındı. Ona görə də klubun bu transferdə söz sahibi olmağa həm maddi, həm də mənəvi haqqı var.
Juninyonun klubla hələ ilyarımlıq müqaviləsi var və gedəcəksə, alan klub kompensasiya ödəməlidi. "Sevilya"nın təklif etdiyi 3-4 milyonluq məbləğ ciddiyə alınmamalıdı. Ki, klub məhz belə də edib. Juninyo getsə, yerinə onun kimi birisi alınmalıdı, onu da tapmaq çətindi, xüsusilə də qışda. Üstəlik, "Qarabağ" hələ də Avropa Liqasında pley-offa çıxma şansını minimum da olsa saxlayır, daxili çempionatda da məsələni tam həll etməyib. İlin-günün bu vaxtında komandanın əsas qol ümidini satmaq səhvdi. Satılacaqsa da, buna çox ciddi əsas olmalıdı. Məsələn, 10 milyon avroluq transfer haqqı ödənişi kimi. Bəli, Azərbaycanda futbol fiasko günündədi, reytinqimiz aşağıdı, amma "Qarabağ" fərqlidi. Özü də bu səviyyəyə çox çətinlikıə gəlib, böyük bir mexanizmin, sistem işinin nəticəsində özünə Avropa bazarında yer edib. Böyük məbləğ istəmək də təbii haqqlarıdı.