İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası (AVF) və "Avrora Group"la birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku başa çatıb. "Rekord.az" xəbər verir ki, yarışın finalında "Kəlbəcər" və "Şuşa" komandaları qarşılaşıblar.

Voleybol Mərkəzində baş tutan görüş gərginliyi ilə yadda qalıb. Oyuna daha yaxşı başlayan "Kəlbəcər" ilk seti çətinlik çəkmədən qalib başa vurub. Lakin bundan sonra təşəbbüsü ələ alan "Şuşa" ardıcıl iki hissədə öz aktivinə yazdırıb. Bununla da "Şuşa" turnirin çempionu olub.

Qalib komandaya kubokla yanaşı, 800 manat pul mükafatı və diplomlar, digər finalçıya isə diplomlar verilib. Yarışın "Ən yaxşı oyunçu"su seçilən "Şuşa"nın üzvü İsgəndər İbrahimə 100 manat pul mükafatı da təqdim olunub.

Zəfər Kubokunun təşkilinə verdiyi dəstəyə görə AVF və "Avrora Group" xüsusi plaketlə təltif ediliblər. Bundan başqa, final oyunun hakimlərinə, Azərbaycan Voleybol Federasiyasının fotoqrafı İslam Atakişiyevə və qurumun mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya fəxri fərman verilib.

Təltif edilənlər arasında Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", Füzuli, Xocavənd və Ağdamın azad olunmasına görə medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyev də olub.