Son günlər ölkə gündəminin əsas müzakirə məsələsi, sözsüz ki, Türkiyə Super Liqasına bu ilə vəsiqə qazanan "Hatayspor"un "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova elçi düşməsidir. Hətta onun təklifə "yox" deməsindən sonra belə məsələ qapanmadı. "Hatayspor" son günlərə kimi müxtəlif yollarla "Qarabağ"ın çalışdırıcısını yola gətirməyə çalışdı. Futbol ictimaiyyətində isə məsələyə münasibət birmənalı deyildi. Kimisi Qurbanovun artıq ölkə xaricinə çıxmalı olduğunu, kimisi də "Hatayspor" variantını o qədər də perespektivli saymır və onun "Qarabağ"da qalmağının daha doğru olduğunu düşünürdü.

Bəs görəsən, Qurbanov üçün hazırkı vəziyyətdə ən doğru qərar hansı olardı? Sportinfo.az-ın bu sualını idman mediasındakı həmkarlarımız belə cavablandırdı.

 

 

Rəşad Ergün (Komanda.az): "Bilirsiz, burda iki vacib məqam var: biz Qurban Qurbanovu xaricdə işləyən məşqçi kimi qazana, "Qarabağ"ı itirə bilərik. Şübhə etmirəm ki, Qurbanovdan sonra "Qarabağ"ın "sükanı arxasına" kim gəlir gəlsin, son illərdəki komanda ruhunu qoruyub-saxlaya bilməyəcək. Hətta bəlkə daha pisi olacaq, "Qarabağ" sıradan bir komandaya çevriləcək. Ağdam klubunu yumruq kimi birləşdirən Qurbanov amilidir. Yaxşı, bizə avrokuboklarda uğurlu çıxış edən klub lazımdır, yoxsa Türkiyə Super Liqasında "test"dən keçməyə məşqçi? Məncə, Qurbanov "Qarabağ"dan ayrılmamalıdır. Hələ ki, ayrılmamalıdır. Anlayıram, o, artıq "Qarabağ"la qazana biləcəyi demək olar ki, hər şeyi qazanıb. Amma "Qarabağ" avrokuboklarda olmasa nə olacaq bəs? Stadionları hansı komanda dolduracaq? Hansı komandanın hər mövsüm azı Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına əmin olacağıq? O komanda yoxdur, o məşqçi də yoxdur. Deməli, Qurbanovun bu ölkənin futbolu üçün missiyası "Qarabağ"ın baş məşqçisi kimi davam etməlidir".

Amal Abışov (Sport7.az): "Sözsüz ki, hər birimiz futbolçularımızın, məşqçilərimizin ölkəni tərk etməsini arzulayırıq. O cümlədən də Qurban Qurbanov Azərbaycan futbolunu xaricdə tərk etməyə ən layiqli namizədlərdən biridi. Hamımız başa düşürük ki, Qurban bəy bizim futbolun səviyyəsini çoxdan aşıb, bir elita klubu məşqçisinin qazanacağı qənimətləri artıqlamasıyla qazanıb. O cümlədən də “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksəltməklə adını tarixə yazdırıb. “Hatayspor”un Qurbanova elçi düşməsi, ona etimad göstərməsi sevindiricidi. Amma gəlin nəzərə alaq ki, bu gün Türkiyənin “Qalatasaray”ında, “Fənərbaxça”sında belə vəziyyət xeyli mürəkkəbdi. Orda çalışmaq, yarımhəvəskar rəhbərliklə, tələbkar azarkeşlərlə eyni qazanda qaynamaq çox çətin məsələdi. Üstəlik, biz “Hatayspor”un gələcəyinin necə olacağını bilmirik. Mən Qurban Qurbanovun yerində olsaydım, “Qarabağ”da işimə davam edərdim. Qısa və konkret cavabım budu".

Anar Xanlarov (Rekord.az): "Bu elə məsələdir ki, yekun qərar Qurban Qurbanova məxsusdur və o da "Qarabağ"da qalacağını deyib. Bunun düz və ya səhv qərar olduğunu deyə bilmərəm. Mən yalnız şəxsi, subyektiv fikrimi söyləyə bilərəm, o da ondan ibarətdir ki, Qurbanov getsə daha yaxşı olardı. Biz zaman-zaman futbolçularımızı qınayırıq ki, xaricə getmirlər, getmək istəmirlər, düşünürəm ki, bu məsələdə məşqçilərimizi də ayırmaq olmaz. Onlar da gərək artıq ölkədən çıxmaq haqda düşünsün. Xüsusilə də Azərbaycanda özünü təsdiq etmiş, qazanmadığı titul, status qalmayan Qurban Qurbanov. "Hatayspor" Azərbaycan Premyer Liqasını təmsil etmir ki, bu gün çıxsın, sabah dağılsın. Ən azı 1 il Super Liqada çıxış edəcək. Bildiyim qədəri ilə komandanın qarşısına qoyulan məqsəd ilk il üçün elitada qalmaqdır ki, Qurbanov bunu bacara bilərdi. Üstəlik, Türkiyə futboluna daxil olmaq, orada işləmək həm məşqçi kimi Qurbanovun özünə, həm də ölkə kimi Azərbaycana faydalı olardı. Yəni risk olsa belə, onu göz önünə almaq olardı. Başa düşürəm, "Qarabağ"da işləmək çox rahatdı. Baş məşqçi olsa da faktiki klub prezidenti səviyyəsində səlahiyyətə malkdir, nüfuzu, hörməti, ölkədə ən güclü büdcə və heyətə sahibdi, çox rahat şəkildə çempionluqları sıralayır, amma nə vaxta kimi? Yox, Qurbanov ömürlük "Qarabağ"da çalışmaq istəyirsə, o başqa məsələ. Amma heç kimə sirr deyil ki, bu məşqçi Azərbaycan səviyyəsini çoxdan aşıb və artıq öz sözünü ölkədən xaricdə deməlidir. Kimlərsə düşünə bilər ki, birdən gedərdi, orda alınmazdı, o da məncə problem olmazdı. Çünki Qurbanov nə vaxt qayıtsa, "Qarabağ"ın qapıları onun üzünə açıq olacaqdı. Müvəqqəti isə komandanı Elçin Rəhmanova da tapşırmaq olardı".

Ceyhun Rzayev (Xəzər TV): "Qurban Qurbanov "Hatayspor"a getməməklə düzgün qərar verib. Super Liqanın adı və orada mübarizə aparmaq cəlbedici görsənə bilər. Təbii ki, biz də istərdik ki, azərbaycanlı məşqçi ora getsin. Amma bir şeyi nəzərə alaq ki, Türkiyə klublarında işləmək çox çətindir. Orada 1-2 klub istisna əksrəriyyəti peşəkarlıq baxımından axsayırlar. Baş məşqçinin işinə qarışırlar. Bu təklif "Başakşəhər"dən gəlsəydi, mən deyərdim ki, Qurban Qurbanov ora getsin. Çünki orda baş məşqçinin icazəsi olmadan rəhbərlik heç bir futbolçunu transfer etmir. Amma digər klublarda bu baxımdan vəziyyət acınacaqlıdır. Bu gün Qurban Qurbanovun "Qarabağ"dakı mövqeyinə baxın. Necəki "Qalatasaray"da bütün söz sahibi Fatih Terimdi. Onun icazəsi olmadan hətta forma dizaynı belə seçilmir. Eyni şeyi "Qarabağ"da Qurban Qurbanov yaşayır. Amma "Hatayspor"a getsə, bilinmir orda necə olacaq. Bəlkə, ora getsə, iki ardıcıl məğlubiyyətdən sonra onu göndərcəklər. Ona görə də məncə, Qurban Qurbanov "Qarabağ"da qalmaqla çox düzgün qərar verdi".

Həbib Aslanov (Futbol+): "Fikrimcə, bir azərbaycanlı məşqçinin Super Liqaya vəsiqə qazanan klubun diqqətini cəlb etməsi xoş haldı. Bu fakt artıq "Qarabağ"ın avrokuboklarda göstərdiyi nəticələrə görə kifayət qədər tanındığını və reklam olunduğunu göstərir. Təbii ki, bu xoş haldı. Amma indiki məqamda Qurban Qurbanovun "Hatayspor"a getməsindənsə, "Qarabağ"da qalması daha məqsədə uyğundu. Əvvəla Azərbaycanla Türkiyə arasındakı mentalitet yaxınlığı və futbola oxşar baxış bucağının eyni olması faktı var. Yəni bizdə klub rəhbərlərinin futbola baxışı necədisə, ordada elədi. Əcnəbi məşqçi gələn kimi nəticə tələb edirlər. Dərhal üstünə gedirlər. Qurban Qurbanov da heç vaxt Türkiyədə çalışmayıb. Getdiyi ilk günlərdə çətinliyin olması normaldı. Biz bilmirik ki, orda Qurbanova münasibət necə olacaq. Mətbuatın, azarkeşlərin reaksiyası necə ola bilər. Ki, deyərlər özümüzdə məşqçi yox idi gedib Qurban Qurbanovu gətirdiniz. Niyə uduzdu komanda. Bu qədər transferlər olub. Digər tərəfdən türkiyədə çalışmış əcnəbi məşqçi və futbolçuların FİFA-ya şikayətlərini əsas gətirərdim. Bir çox hallarda onların aldadıldığını görmüşük. Baxırsan ki, müqavilədə yüksək məbləğlər göstərilir, amma klub ödəmir və ya müflis olur. Təkcə Qurban Qurbanovun yox, hətta futbolçuların maaşlarının verilməməsi də problemlərə yol aça bilər. Sonda uğursuzluğa gətirib çıxara bilər. Belə olacağı təqdirdə də baş məşqçinin psixoloji və iş olaraq zərbə alması qaçılmaz deyil. Amma "Qarabağ"da Qurban Qurbanov böyük işlər görüb. Hazır komanda var. Kiçik dəyişiklər etməklə hər il avrokuboklarda qrupa vəsiqə qazanır. Bu da Azərbaycan futbolu üçün uğurdu. Ona görə də düşünürəm ki, Türkiyədə debutantı çalışdırmaqdansa, "Qarabağ" kimi köklü, hər il çempion olan komandada qalmaq daha yaxşıdır. Məncə, Türkiyənin daha köklü, daha dayanıqlı klubundan təklif gəlsəydi və Qurbanova konkret olaraq 2-3 illik işləmək imkanı yaratsalar getmək olardı. Və yaxud başqa bir ölkəyə. Amma indiki durumda "Qarabağ"da qalmaq "Hatayspor"a getməkdən daha məqsədə uyğundu".