Jurnalistlərin şahmat yarışının qalibləri mükafatlandırıldı FOTOLAR
- 25 İyl 2022 20:33
- 562
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “Azərlotereya” baş sponsorluğu ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat turnirinin bağlanış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə ilk olaraq Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edib. Jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edən federasiya rəhbəri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim media nümayəndələrinə diqqət göstərdiyini qeyd edib. M.Məmmədov tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsində medianın fədakarlıqla çalışdığını xatırladıb. FİDE rəsmisi peşə borcunu yerinə yetirdiyi zaman şəhidlik zirvəsinə ucalan jurnalistlərin qəhrəmanlığından danışıb.
Üçüncü yerin sahibi “Ağ-qara” komandasının üzvləri Sərxan Musalı və İman Məcidova diplomlar, sponsorlar tərəfindən hədiyyələr və pul mükafatı verilib. Mükafatları Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov təqdim edib.
Yarışda ikinci olan “FutbolTrend” komandasının üzvləri Faiq Tahirov və Vüqar İmanov diplom, hədiyyələr və pul mükafatına layiq görülüb. Onlara mükafatları milli komandanın üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov verib.
Media turnirinin qalibi “Goallisimo” komandasının üzvləri Qol.az-ın müxbiri Aysel Adıgözəlli və ARB telekanalının əməkdaşı Səddam Laçına diplomar və 500 manat pul mükafatı təqdim olunub. Qaliblərə eyni zamanda sponsorlar “Azərçay”, “Coca Cola”dan xatirə hədiyyələri, yapon saatı markası «CASIO EDIFICE»-dən saat, Cinema Plus-dan hədiyyə kartları təqdim edilib.
Bağlanış mərasimində yarışın təşkilatçılığında göstərdikləri dəstəyə görə “Azerlotereya” və yapon saatı markası «CASIO EDIFICE» nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, jurnalistlər arasında şahmat çempionatı “Azərloteraya”nın baş sponsorluğu, Coca Cola, yapon saatı markası CASIO EDIFICE, Cinema Plusun sponsorluğu, Azerçay və Cofe Enjoy-un tərəfdaşlığı ilə keçirilib.