Son günlər Azərbaycan futbolunda ən çox müzakirə olunan məsələ hakim qərarları və səhvləridi. Qış fasiləsindən sonra bu hal tendensiyaya çevrilib desək, yanılmarıq. Daha çox səhvə isə 44 günlük Vətən müharibəsinin iştirakçısı Kamal Umudlu yol verib. Qarabağ döyüşlərində ölkəmizin müdafiəsində olan referi qış fasiləsindən sonra 2 qarşılaşmaya təyinat alıb. Umudlu öncə premyer-liqanın 14-cu turunun “Səbail” - “Neftçi” matçını idarə edib. Həmin qarşılaşmada PFL-in təşkilatçılığı ilə onun üçün “Zəfər dəhlizi” təşkil olunub. Komandalar Umudlunu qəhrəman kimi qarşılayıblar. Lakin referinin idarəçiliyi heç də qənaətbəxş olmayıb. Qərarlar daha çox “Neftçi”nin əleyhinə olub. Epizodların birində Turan Manafov Sabir Buqrinə qarşı “Səbail”in cərimə meydançası daxilində kobudluq etsə də, Umudlunun fiti susub. O, müdaxiləni qayda pozuntusu kimi dəyərləndirməyib. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında flaqmanın baş məşqçisi Samir Abasov bu fikirləri səsləndirmişdi: “Referiyə bu gün hər şey keçərli idi. O cür insanlara görə indi burda rahat danışa bilirik. Futbolçulara dedim ki, özünüz oyununuza baxın və təhlil edin”.
15-ci turda da Kamal Umudlu premyer-liqada oyun idarə edənlər sırasında idi. Referi “Zirə” - “Sabah” matçına təyinat almışdı. Bu qarşılaşmada da hakim özünü yaxşı tərəfdən göstərə bilmədi. Oyunun 4-cü dəqiqəsində “Sabah”ın müdafiəçisi “Zirə”nin üzvü Klesio Baukun qarşısını kobudluqla alsa da, referi penalti təyin etmədi. Bu epizoda ən çox etiraz edən şəxs “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oldu. Gənc mütəxəssis dəfələrlə həm Umudlu, həm də 4-cü hakim Əliyar Ağayev ilə mübahisə etdi. O, əminliklə iddia edirdi ki, həmin epizodda penalti təyin edilməliydi. Hətta oyunda kiçik fasilə yaranan zaman Umudluya belə söz atdı: “Kamal, penalti idi, hə. Yox? Vallah, dəqiq penalti idi. Penalti deyildisə, mən məşqçilik karyeramı bitirərəm. Bu qədər iddialıyam”.
Kamal Umudlu “Zirə” - “Sabah” matçında da daha bir səhvə yol verdi. Meydan sahibləri hesabı bərabərləşdirərkən “qartallar”ın müdafiəçisi Vilyetə müdaxil etdi. Bundan sonra Volkov topu qapıdan keçirdi. “Sabah”ın məşqçilər korpusunun etirazına baxmayaraq, Umudlu qolu qeydə aldı. Hətta oyunu izləyənlər arasında olan Elxan Məmmədov da yerindən qalxaraq televizorda epizodun təkrarına baxmağa yollandı. Oyunun icmalını izləyən zaman açıq-aşkar görünür ki, həmin anda qapıçıya müdaxilə var idi. Qol qaydalar çərçivəsində vurulmayıb.
Beləliklə, Umudlu 2 tur ərzində üç kobud səhvə yol verib. Buna səbəb onun psixoloji cəhətdən hazır olmamasıdı? Yoxsa Vətən müharibəsindən dönən referi qaydaları unudub? Onun belə səhvlər etməsinin səbəbi nədi? Suallarımızı Tahir Süleymanova ünvanladıq. Sabiq FIFA referisi səhvləri təkcə Kamal Umudluya bağlamağı düzgün hesab etmədi: “Hakim səhvləri ilə bağlı bir referinin, özü də Qarabağ qazisinin üzərində dayanılmasının tərəfdarı deyiləm. Kamal Umudlu Vətən müharibəsindən, döyüş meydanından qayıtdıqdan, qalib hərbi geyimini hakimlik formasına dəyişib, yaşıl meydana çıxdıqdan sonra PFL-n təşkilatçılığı ilə diqqətəlayiq qarşılanma oldu. Hər birimiz alqışladıq, xüsusi münasibət göstərdik. Qış fasiləsindən sonra hakim idarəçiliyində, dolayısı və faktiki nəticəyə təsir edən kobud səhvlər qeyd edilir. Bir çox məşqçilər dilə gəlib artıq. Son həftələr çempionatda və kubokun 1/4 finalında əsas müzakirə mövzusu idarəçilik amilidi. Bir referi və ya hakimlər briqadası səhvə yol versə, bu onların fərdi xətaları sayılar. Oyunlardakı hakim səhvləri kütləvi hal alırsa, problem daha dərindi və məsuliyyət birbaşa cavabdeh, bu sahəyə rəhbərlik edən avstriyalı Frits Stuxlikin üzərinə düşür. Matçları idarə edən referilərin qaydaları bilməməsi mümkünsüzdü. Oyun qaydalarında boşluqlar kifayət qədərdi. Ona görə tez-tez seminarlar, oyunların təhlili aparılır ki, oxşar epizodlara hakimlərin fərqli yanaşması olmasın. İki ilə heç bir ciddi iş görməyən əcnəbi sədr müqaviləsini yeniləyəndən, Bakıda komfort şərait təmin edəndən sonra Azərbaycan futboluna daha saymazyana münasibət göstərir. AFFA rəhbərliyi layiq olmayan avstriyalı ilə müqaviləni uzatmaqla təşəbbüsü ona vermiş oldu. Bu gün yaşıl meydanlarda baş verən kobud hakim səhvlərinin kökünü "işimi bacarmasaydım, anlaşmanı uzatmazdılar" düşüncəsində axtarmaq lazımdı. Yanlış qərarın mənfi fəsadlarını ölkə futbolu və haqsızlığa uğrayan komandalar çəkir”.
Süleymanov Kamal Umudlunun psixoloji problem yaşamadığını da qeyd etdi: “Qış fasiləsindən sonra hakimlər briqadası oyunlara hazır deyilsə, günahı ilk növbədə Stuxlikdə və ona hərtərəfli dəstək verənlərdə axtarmaq lazımdı. Kamal Umudlunun psixologiyasında heç bir problem yoxdu. Əksinə, qalib əsgərin ruh yüksəkliyi, qələbə sevinci, özünəinamı var. Stuxlikin özünün psixologiyasının yerinə gəlməsi üçün rahat Bakının mərkəzindən ayırıb, 1-2 həftəlik Qarabağa istirahətə göndərmək lazımdı. Onda tez özünə gələr”. (“Futbol plus”)