Azərbaycan millisinin sabiq üzvü Kamran Ağayev İTV-də yayınlanan "3D” verilişinin qonağı olub. Rekord.az xəbər verir ki, "Səbail”in futbolçusu Dadaş Dadaşlinski ilə söhbətdə bir sıra maraqlı mövzulara toxunub. Qolkiper futbolumuzun hazırkı durumundan, Qurban Qurbanovun ondan inciməsindən danışıb.

 

 

- Müstəqil futbol tariximizin ən yaxşı qapıçılarından birisiz. Səhv etmirəmsə, 12 il millimizin şərəfini qorumusuz. Düzdü?

- Mənim dövrümdə yaxşı qapıçılar var idi. Qismət mənə olub və mən oynamışam.

 

- Bir müddət futbolsuz qaldız. Ümumiyyətlə, pandemiya səbəbindən dünya özü futbolsuz qaldı. Sizcə, bu müddət, çempionatın dayandırılması futbolumuzun səviyyəsinə necə təsir edəcək?

- Təbii ki, pis. Futbolumuz onsuz da yaxşı vəziyyətdə deyil. Çempionatımızda 8 komanda var və ağır dönəm keçirir. Bir və ya iki klubu çıxmaq şərti ilə o birilərində maliyyə problemləri yaşanır. Get-gedə arxaya gedirik. İnşallah, bu durumdan tezliklə çıxarıq.

 

- Bu yaxında özünüz də etiraf etdiz ki, əvvəlki formanızı yığmasaz, futboldan gedəcəksiz.

- "Səbail”in rəsmiləri və Aftandil Hacıyevlə danışanda dedim ki, əvvəlki formama bərpa etməsəm, qapıda durmayacam. Bunu dostlarım da, ailəm də, tanışlarım da bilir. Hansısa qapıçıdan üstün ola bilərəm, amma əvvəlki formamı bərpa etməsəm, heç vaxt oyuna çıxmayacam.

 

- Klubsuz qaldığınız müddətdə belə bir açıqlama vermişdiz ki, mən futbol oynamışam, futbolla oynamamışam...

- 25 ildən çoxdu futbolla məşğulam. Heç vaxt qəza keçirməmişəm, həyat tərzimə görə xəsarət almamışam, nə də hansısa davada iştirak etmişəm. Ancaq idmanda və məşqlərdə zədələnmişəm. Bunları da həmişə pis qarşılayıblar. Bir anlıq mənə təsir etdi ki, ağır zədə almışam və heç kim mənimlə maraqlanmır. Heç elə bil ki, mən millinin üzvü olmamışam, yaxşı oyunlar nümayiş etdirməmişəm. Hər gün mənimlə maraqlananlar itib-batdı. Mən də açıqlama verdim ki, mən futbol oynamışam, futbolla oynamamışam. Sadəcə, Elxan Məmmədova müraciət etdim. Mən ondan iş, maddi yardım istəmirdim. Bir məqsədim var idi ki, formaya düşüm və məqşləri bərpa edim. Bu səbəbdən də incimişdim. Elxan Məmmədov da stadion ayırdı, məşqçi təyin etdilər ki, mənimlə məşğul olsun.

 

- Hazırda "Səbail”in qapısını qvatemalalı Nikolas Hagen qoruyur. Onun yerlisi və milli komandanın üzvü Rikardo Xeres deyib ki, Hagen futbol ənənəsi olmayan ölkəyə gedib...

- Bu gün Azərbaycanın öz vətəndaşı Kamran Ağayevi tanımırsa, həmin adamdan nə gözləyək? Mən onları qınamıram. Düzünü desəm, mən Qvatemalanı ölkə olaraq tanıyıram, amma onların futbolçularından kiminsə xüsusi fərqləndiyini bilmirəm. O ölkənin hansısa oyunçusu təsadüfən belə qarşıma çıxmayıb. Xəbərlərdə belə qvatemalalı futbolçu haqda məlumatlar rastıma çıxmayıb. Bizim ölkəmizə Kot d’İvuardan belə futbolçu gəlib, amma ordan yox. Bu gün statistika və nəticələrlə götürsək, "Səbail” ölkənin ən zəif komandasıdı. Hageni belə bizim kluba sorğu-sualla götürüblərsə, Xeres nə danışa bilər ki? Düşünürsüz ki, azərbaycanlı futbolçu, milliyə çağrılmayan, orta səviyyəli biri gedib Qvatemalada oynasın? Əlbəttə, heç kim qəbul etməyəcək. Mən də Portuqaliyada oynayanda xalq deyirdi ki, Kamran daha da inkişaf edəcək, amma elə olmadı. Heç nədən "sığortalanmamısan”. Zədələnə bilərsən, ab-havaya uyğunlaşa bilməzsən. Mən də bu səbəblərdən qayıtdım Azərbaycana. Düzdü, Çexiyada da oynadım. Belə deyək, futbolla bağlı heç nə dəqiq bilinmir. Hər zaman zirvədə olan futbolçu birdən-birə zirzəmiyə yuvarlana bilər.

 

- Sonra ev üçün darıxıb, qayıtdız ölkəmizə...

- Mən bu cümləni belə deməmişəm. Portuqaliyada oyunlar qurtardı. Bizə 8 günlük istirahət verildi. Mən təyyarəyə minirdim. Həmin an telefonuma zəng gəldi. Jurnalistlərdən biri soruşdu ki, nə edirsən? Mən də cavab verdim ki, təyyarəyə minirəm, gəlirəm Azərbaycana. Mənə sual Verdi ki, xeyir ola? Dedim ki, necə yəni xeyir ola? Vətənim, atam üçün darıxmışam. İstirahət vaxtımdı. Bu cümləmi dəyişib, qloballaşdırdılar ki, Kamran orda qalmır, ailəsi üçün darıxıb, meyxana demək üçün gəlir.

 

- Canni De Byazili milli komandadan nə gözləyək?

- Bu yaxınlarda millimizin baş məşqçisi belə bir açıqlama vermişdi ki, yaxşı oynamasaq da, uğur əldə edəcəyik. Mən də zarafatla belə açıqlama verdim ki, milli nə vaxt yaxşı oynayıb? Hər zaman əzmkar mübarizə aparıb, nəticə əldə edib.

 

- Məndə olan məlumata görə, milli komanda ilə oyunlardan sonra heç kimlə forma dəyişməmisiz ki, bunun üzərində Azərbaycan bayrağı var.

- Bəli, belədi. İndiyə kimi Kasilyas, Buffon və başqa güclü qapıçılara qarşı oynamışam. Amma heç vaxt forma dəyişməmişəm ki, üzərində Azərbaycan bayrağı var, verə bilmərəm.

 

- Millimiz Lüksemburqla matçda bərbad oyun nümayiş etdirdi. Eddi İsrafilovla Dmitri Nazarov toplanışa gəlmədilər ki, geri qayıdanda karantinə alınacaqlar. Halbuki rəqibin heyətində, demək olar ki, hamı legioner həyatı yaşayır. Onlar gələ bilirlər, bizimkilər yox?

- Bu, bizim dövrümüzdə də olub, bizdən sonra da olacaq. Həmin şəxslər milliyə maddi məsələlərə görə gəlirlər. Belə olan təqdirdə müəyyən məsələlərdə problemlər yaşanır. İnşallah, Azərbaycan futbolu elə səviyyəyə gəlib çatsın ki, onlar özləri müraciət etsinlər. Həmin vaxt da yığmamız onlardan imtina edər. Ad çəkməyəcəm, bir futbolçu var. Biz Rusiya millisi ilə qarşılaşanda orda oynayırdı. Çünki şansı var idi ki, Rusiya yığması ilə dünya çempionatında çıxış etsin. Azərbaycanda bu mümkün deyildi və ona görə qərarını belə verdi. Amma düzgün deyil. Mən millidə 50 dəfə zədələnmişəm, hətta onurğa sütünum da qırılıb. Mən millidə maaş almırdım, ancaq mükafat verilirdi. Fərqli sahələrdə də çalışanda sənə mükafat verirlər.

 

- Ən çox aldığınız mükafat nə qədər olub?

- Baxır harda? Millidə, yoxsa klubda? Əvvəllər hər yerdə çox idi. İndi böhrandı və bu səbəbdən də çox aşağı düşüb. 3 nəfər gəlib, şəkil çəkdirir və soruşur ki, nə qədər maaş alırsan? Sən mənim pulumu nə edirsən? Mənim də özümə görə xərcim, problemlərim var. Mənim qohumlarımda da var belələri. Bu nöqtəyə gəlmək üçün neçə vaxt əziyyət çəkmişəm. Kimin oğlan uşağı olur, deyirlər ki, futbolçu olacaq. Mənim və başqalarının yaşam tərzinə baxırlar, bu qərara gəlirlər. Hamı eyni olmur axı.

 

- Milli komanda ilə birlikdə Kosovoya getmədiz. Bu mövzu da zaman-zaman müzakirələrə səbəb olmuşdu. Halbuki millinin həkimi belə açıqlama vermişdi ki, Kamranın zədəsi oynamağına imkan verir. Niyə meydana çıxmaqdan imtina etdiz?

- Mən hələ ki millinin həkimi ilə rastlaşmamışam. İnşallah, qarşılaşacağıq. Farer adaları ilə oyundan öncə ayağımda zədəm var idi. Həkimlə səhər danışdım ki, sənə sirr açsam, aramızda qalar? Ayağımı ona göstərdim və mənə dedi ki, sən belə necə oynayacaqsan? Mənim səhvim orda oldu ki, gərək Farer adaları ilə matçı buraxardım, Kosovo ilə görüşə hazırlaşardım. Dedim ki, oynamaq istəyirəm, narahat olma. Bir iynə vuruldu və matça çıxdım. Bu sirr ikimizin arasında idi. Bir də hazırda "Qarabağ”da işləyən masajçı bilirdi bu məsələni. 42-ci dəqiqədə 2:0 hesabıyla qalib gəlirdik və ayağımın ağrısı yenidən tutdu. Paltardəyişmə otağında Qurban Qurbanova deyildi ki, əvəzetmə olmalıdı. Hamı da ayağımın vəziyyətini görürdü, pis gündə idi. Sonra qayıtdıq təlim-məşq toplanışının olduğu "Dalğa Arena”ya. Həmin vaxt heyət müzakirə olunanda Qurban Qurbanov mənə dedi ki, oynaya bilməyəcəksən, istəyirsənsə, get, istəmirsənsə, getmə! Mən orda qərar verdim ki, Kosovoya getməyib, qalıb müalicə olunum. Tez sağalmaq niyyətindəydim. Düşünmürdüm ki, Kosovo bizi elə hesabla udar. Elə bilirdim ki, rahat qələbə qazanacağıq. Hə, bu mənim böyük səhvim olub ki, komandanın kapitanı olmuşam və getməmişəm. Qurban müəllim də ora getmədiyimə görə məndən incidi. Sonra zədəli olanda hoca mənə zəng etdi və görüşüb çay içdik. Həmin vaxt mənə bu məsələyə görə incidiyini dedi. Ki, məni dost kimi meydanda tək qoydun. Bu, mənim böyük səhvim olub ki, o prizmadan düşünə bilməmişəm. Ona dedim ki, başa düşməmişəm məsələni. Böyük qardaş kimi deyərdiz ki, sən mənimlə gedirsən. Həmin məsələni Qurban müəllim də bilir, hamı da gördü ki, ayağımda nə problem olub. Baş katib Elxan Məmmədova bəlli idi ki, zədəli olduğum üçün Kosovoya getmədim. Sadəcə, həkimin elə açıqlama verməsi qıcıq yaratdı məndə. Sonra başqası ondan soruşub ki, niyə belə danışmısan? Həkim də ona deyib ki, mən elə deməmişəm. Açıqlama vermişəm ki, Kamranın zədəsi var, amma oynayıb-oynamayacağına özü qərar verəcək. İnşallah, hardasa görüşəcəyik onunla. Allah axırını xeyir eləsin! Oxşar

məsələ "Xəzər Lənkəran”da da başıma gəlmişdi. Dizimdə problem var idi. "Neftçi” ilə matça çıxa bilmədim. Həmin oyunda 5 dənə vurdular bizə. Oyunu uduzmağımızın günahını məndə gördülər. Ki, bilə-bilə oynamadı, Redniklə problemi var. Məni məcburi oyuna çıxardılar və oynadım. Sonra həmin ayaqdan əməliyyat olundum. Yəni Allahın ədaləti böyükdü. İnşallah, hər şeyi qaydaya düşəcək. Paxıllıq və mübarizə yaxşı şeydi. Çoxları düşünür ki, onda varsa, məndə də olsun. Ən pisi eqoistlikdi. Onlar deyirlər ki, məndə yoxdusa, onda da olmasın. İnsanlar var ki, məni futbolda görmək istəmirlər.

 

- Kimdi onlar?

- Var bəziləri. Onlara demək istəyirəm ki, Allah var, ədalət var. Hər kəs öz işində peşəkar olsa, hər şey qaydasında gedər və inkişaf edər. Bu gün futbolda bizim adımız hallanırsa, gərək əlimizdən gələni edək ki, daha çox fayda verək. Futbolumuz daha çox inkişaf etsin və zirvələrə qalxsın.

 

Mənbə: "Futbol+”